Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İyulun 8-də ABŞ-nin atəşkəslə bağlı razılaşmanın şərtlərini kobud şəkildə pozaraq İrana növbəti dəfə hava zərbələri endirməsi tərəflər arasında münaqişəni əvvəlkindən daha kəskin mərhələyə keçirib”.
Bunu ABŞ–İran arasında mövcud vəziyyəti şərh edərkən Milli Cəbhə Partiyasının başqan müşaviri, politoloq Elşən Manafov “Cebheinfo.az”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ-nin İranın hərbi və enerji infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq İran da Körfəz ölkələrində, əsasən Küveyt, Bəhreyn və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib:
“Bu hücumlar ABŞ-nin hərbi bazalarına ciddi ziyan vurmaqla yanaşı, həmin ölkələrdə rəsmi Vaşinqtona olan etimadın əhəmiyyətli dərəcədə sarsılmasına səbəb olub. ABŞ-yə məxsus “Patriot” sistemlərinin məhv edilməsi Pentaqonda ciddi narahatlıq yaradıb.
Çünki dünya silah bazarında sözügedən hava hücumundan müdafiə sistemlərinə tələbat və satış qiymətlərində azalma müşahidə olunur. ABŞ-nin Hörmüz boğazını İranın nəzarətindən çıxarmaq və burada naviqasiyanın sərbəst hərəkətini təmin etmək məqsədilə gördüyü tədbirlər də hələlik nəticə verməyib. Əksinə, boğaz ətrafında gərginliyin artması nəticəsində neftin bir barelinin qiyməti 90 dollar civarınadək yüksəlib”.
Politoloq əlavə edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, hərbi əməliyyatların davam etməsi maliyyə xərclərinin 100 milyard dollara qədər yüksəlməsinə səbəb ola bilər:
“Hazırda ABŞ və Avropada benzin və dizel qiymətlərinin kəskin bahalaşması istehlakçılar arasında ciddi narazılıq yaradıb. Bu amilin bumeranq effekti verərək ABŞ-də payızda keçirilməsi nəzərdə tutulan seçkilərdə Donald Tramp və Respublikaçılar Partiyasının mövqeyinə mənfi təsir göstərəcəyi ehtimal olunur.
Nəzərə almaq lazımdır ki, ABŞ-nin dövlət borcu dinamik şəkildə artaraq hazırda astronomik bir məbləğə - 39,5 trilyon dollara çatıb. Ekspertlərin hesablamalarına görə, əgər ABŞ gündə 1 milyon dollar borc ödəsə belə, bu məbləğin tam bağlanması üçün ona təxminən 2740 il lazım olacaq”. Elşən Manafov qeyd edib ki, bu, müşkül məsələdir və həlli yalnız bir halda mümkün ola bilər:
“Bu problemin yalnız ABŞ-nin İranla yanaşı, Rusiya və Çini də məğlub edərək həmin ölkələrin təbii sərvətlərinə və iqtisadi resurslarına nəzarət etməsi ilə həll oluna bilər. Bununla belə, Qərb Ukrayna müharibəsi fonunda son dörd il ərzində Rusiyanı məğlub edərək zəiflətməyə nail olmayıb. Adıçəkilən dövlətlərin koordinasiyalı fəaliyyəti ABŞ və Qərbin məqsədlərinə çatmasını çətinləşdirir”.
Onun sözlərinə görə, Vaşinqton İranla müharibəni qələbə kimi təqdim etsə də, reallıq fərqli olacaq: “Bütun bunların konteksində ABŞ-nin Körfəz üzərində nəzarəti ələ keçirmək üçün göstərdiyi cəhdlərin sonda Vaşinqtonu razı salacaq real nəticələr doğuracağı inandırıcı deyil.
Rəsmi Vaşinqton uğursuzluğunu etiraf etməyərək İranla müharibənin onun tam qələbəsi ilə başa çatdığını bəyan edəcək, reallıqda isə İrandakı rejimin irəli sürdüyü tələblərlə razılaşacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: ABŞ Elşən Manafov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin