ABŞ hökumətinin qismən bağlanması: Həftəsonu istirahət hökumətin qismən bağlanmasına səbəb olub

31.01.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ federal hökuməti qismən bağlanıb, çünki Senat büdcə paketini təsdiqləyib, lakin Nümayəndələr Palatası hələ də bunu səserməyə çıxarmayıb.

Bizimyol.info xəbər verir ki, yanvarın 30-da yerli vaxtla gecə yarısına qədər əksər federal qurumlar üçün maliyyələşdirmə təmin edən müvəqqəti büdcənin müddəti bitib və bu da Senat tərəfindən təsdiqlənmiş büdcə paketinin qanuna çevrilməsinə mane olub.

Müdafiə, Nəqliyyat, Mənzil və Şəhərsalma, Səhiyyə və İnsan Xidmətləri, Əmək və Təhsil nazirliklərinin sentyabr ayına qədər maliyyələşdirilməsi üçün qanun layihələrini, eləcə də Daxili Təhlükəsizlik Departamenti üçün iki həftəlik müvəqqəti büdcəni özündə birləşdirən paket Senatda qəbul edilsə də, Nümayəndələr Palatasının həftəsonu toplanmamaq qərarı hökumətin qismən bağlanmasına səbəb olub.

Büdcə paketi Senatda 71-29 səslə təsdiqlənib. Qanun layihələrində edilən dəyişikliklərə görə büdcə paketi Nümayəndələr Palatasına geri göndərilib.

Büdcə paketinin qanuna çevrilməsi üçün Nümayəndələr Palatasının təsdiqi və ABŞ Prezidenti Donald Trampın imzası tələb olunur. Əksər federal qurumların xərcləmə səlahiyyəti yerli vaxtla gecə yarısında başa çatıb.

Nümayəndələr Palatasının bazar ertəsi günü büdcə paketini nəzərdən keçirməsindən sonra qanun layihəsinin imzalanması üçün Trampa təqdim edilməsi və qismən bağlanmanın qısa müddətdə başa çatması gözlənilir.

Qısamüddətli olacağı gözlənilən bağlanmanın əksər federal xidmətlərdə ciddi fasilələrə səbəb olacağı gözlənilmir.

ABŞ ötən il tarixində ən uzun müddətli hökumət bağlanmasını yaşadı. ABŞ federal hökuməti sonuncu dəfə 1 oktyabr 2025-ci ildə bağlandı, çünki Konqres 2026 maliyyə ilinin başlamazdan əvvəl müvəqqəti büdcə qanun layihəsini təsdiqləmədi.

Xərcləmə səlahiyyətlərini itirən federal qurumlar fəaliyyətlərini dayandırdılar və tərəflər arasındakı fikir ayrılığı ölkə tarixində ən uzun müddətli bağlanmaya səbəb oldu.

Federal hökumət 43 gün bağlı qaldı və bağlanma 13 noyabr 2025-ci ildə ABŞ prezidenti Donald Trampın əksər federal qurumlara 30 yanvara qədər, bəzilərinə isə bütün maliyyə ili üçün maliyyə təmin edən büdcə qanun layihəsini imzalaması ilə başa çatdı.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью