Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ orbitdə kosmik silah yerləşdirdiyini ilk dəfə rəsmi şəkildə açıqlayıb. ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink bildirib ki, sözügedən sistem ABŞ qüvvələrini düşmən fəaliyyətlərindən qorumaq məqsədi daşıyır.
Redaktor.az xəbər verir ki, Meink silahın xüsusiyyətləri və imkanları barədə ətraflı məlumat verməyib.
Nazir bildirib ki, sistemin nə olduğu, hansı imkanlara malik olduğu, necə istifadə edilə biləcəyi və nə vaxt orbitə çıxarıldığı açıqlanmayacaq. O, yalnız bu silahın ABŞ qüvvələrinin mümkün düşmən hücumlarından qorunması üçün zəruri olduğunu qeyd edib.
Meink, həmçinin bəzi rəqiblərin ABŞ-nin kosmosdakı müşahidə, komanda və idarəetmə sistemlərini sıradan çıxarmağa cəhd göstərdiyini deyib.
ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri daha əvvəl Rusiya və Çinin mümkün münaqişə zamanı ABŞ peyklərinə hücum etmək və onları sıradan çıxarmaq üçün müxtəlif üsullar hazırladığını iddia ediblər. Vaşinqton bu səbəbdən kosmosdakı hərbi imkanlarını genişləndirmək planlarını gündəmə gətirib.
ABŞ Prezidenti Donald Trampın administrasiyası da kosmosa əsaslanan imkanların, o cümlədən qabaqlayıcı raket sistemlərinin ABŞ-ni raket və digər hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulan “Qızıl Günbəz” müdafiə sisteminin mühüm hissəsi olduğunu bildirir.
1967-ci ildə imzalanmış beynəlxalq müqavilə kütləvi qırğın silahlarının orbitə yerləşdirilməsini qadağan edir. Bununla belə, ABŞ, Rusiya və Çin müqavilənin əhatə etmədiyi hərbi fəaliyyətlər baxımından kosmosdan istifadənin sərhədlərini uzun müddətdir genişləndirirlər.
Üç ölkənin də bir-birinin hərbi rabitə və kəşfiyyat peyklərinə qarşı müxtəlif imkanlar inkişaf etdirdiyi bildirilir.
ABŞ kosmosdakı obyektlərini qorumaq məqsədilə 2019-cu ildə, təxminən 70 ildən sonra ordunun ilk yeni qoşun növü kimi ABŞ Kosmik Qüvvələrini yaradıb.
Tramp 2025-ci ildə imzaladığı sərəncamla Kosmik Qüvvələrin fəaliyyət istiqamətlərini yalnız ABŞ-nin kosmosdakı obyektlərinin qorunması ilə məhdudlaşdırmayaraq, zərurət yarandıqda hücum imkanlarını da əhatə edəcək şəkildə genişləndirib.
Kosmik Qüvvələrin sözçülərindən biri də ABŞ-nin rəqiblərinin kosmosdakı imkanlarını məhdudlaşdırmaq, zəiflətmək və zərurət yarandıqda məhv etmək üçün kinetik və qeyri-kinetik üsullardan istifadə edə biləcəyini bildirib.
Fevral ayında iki Rusiya peykinin 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Avropadakı 12-dən çox peykin rabitəsini ehtimal ki, dəfələrlə pozduğu barədə məlumat yayılıb. Bu müdaxilələrin Rusiya kəşfiyyat xidmətlərinə həmin peyklər vasitəsilə ötürülən mühüm məlumatlara çıxış imkanı verdiyi iddia olunub.
ABŞ 2024-cü ildə də Rusiyanın digər peyklərə hücum etmək məqsədi daşıdığı ehtimal edilən bir peyki kosmosa göndərdiyini müəyyən etdiyini açıqlayıb. Rusiya isə bu iddialarla bağlı ictimaiyyətə açıq açıqlama verməyib.
Vaşinqtonun qiymətləndirməsinə görə, Çin hərbi modernləşdirmə strategiyasının bir hissəsi kimi kosmosdakı imkanlarını inkişaf etdirir. Rusiya isə kosmosu gələcək müharibələrin əsas cəbhələrindən biri kimi qiymətləndirir.
NURİYYƏ