Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aralıq seçkilərindən sonra ABŞ-da Demokratlar Partiyasının sol qanadının mövqeləri güclənib. İndi ölkənin üç ən böyük siyasi və iqtisadi mərkəzinə özlərini açıq şəkildə demokratik sosialist adlandıran siyasətçilər rəhbərlik edəcəklər. Bu nəticələr təkcə Demokratlar Partiyası daxilində qüvvələr nisbətinə deyil, həm də Donald Trampın siyasi gələcəyinə təsir göstərə bilər.
Bu barədə “BILD” nəşri yazır.
Los-Anceles və Vaşinqton şəhərlərinin meri seçkilərində demokratların sol qanadının nümayəndələri qalib gəliblər. Los-Ancelesdə Nitiya Raman hazırkı mer Karen Bassı geridə qoyub, ABŞ paytaxtında isə Cenis Lyuis Corc qələbə qazanıb.
Beləliklə, meri Zöhran Mamdaninin rəhbərlik etdiyi Nyu-Yorkla birlikdə ABŞ-ın üç ən böyük mərkəzi demokratik sosialist baxışlara malik siyasətçilərin idarəçiliyinə keçib.
Amerikalı siyasi ekspert Piter Raf hesab edir ki, aralıq seçkilərində respublikaçıların uğursuzluğu Demokratlar Partiyasının sol qanadının mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bununla belə, o, səsvermənin nəticələrini sosialist ideyalarına birmənalı dəstək kimi qiymətləndirməməyə çağırır.
Onun fikrincə, amerikalı seçicilər ilk növbədə Demokratların proqramına sadiqliklərini nümayiş etdirmək əvəzinə, hazırkı administrasiyanın siyasətindən narazılıqlarını ifadə ediblər.
“Seçkiləri demokratların coşqu ilə dəstəklənməsi kimi şərh etməzdim. Bu, daha çox hakimiyyətin cəzalandırılması idi”, – deyə Raf “BILD”ə müsahibəsində bildirib.
Konqresdə baş verə biləcək dəyişikliklər də Tramp üçün ciddi nəticələr doğura bilər. Demokratlar hər iki palatada çoxluq əldə edərlərsə, 2028-ci il prezident seçkiləri ərəfəsində öz qanunvericilik təşəbbüslərini irəli sürmək üçün daha geniş imkanlar qazanacaqlar.
Bununla belə, ABŞ prezidenti qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququnu saxlayacaq. Bu isə ona siyasi rəqiblərinin bəzi təşəbbüslərinin həyata keçirilməsinə mane olmaq imkanı verəcək. Lakin demokratların Senata nəzarəti ələ keçirməsi partiyanın federal hakimlərin təsdiqi prosesinə təsirini artıracaq.
Rafın fikrincə, hazırkı siyasi qarşıdurmanın ən uzunmüddətli nəticələrindən biri məhz bu ola bilər. ABŞ məhkəmə sisteminin tərkibindəki dəyişikliklər Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da uzun illər ölkəyə təsir göstərə bilər.
N.Talıblı
Post navigationPrevious: ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib