Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın Alyaska ştatında yerləşən Barrou şəhərində qütb gecəsi başlayıb. Şəhər sakinləri Günəşi növbəti dəfə yalnız 23 yanvar 2027-ci ildə görə biləcəklər.
Qaynarinfo xəbər verir ki, yerli sakinlər sonuncu dəfə noyabrın 18-də Günəş işığı görüblər. Bundan sonra bölgədə Günəş üfüqün üzərinə qalxmır və təxminən 65 gün davam edəcək qaranlıq dövr başlayıb.
Şimali Buzlu okeanın sahilində yerləşən Barrou ABŞ-ın ən şimal şəhəridir. Coğrafi mövqeyinə görə burada hər il qütb gecəsi müşahidə olunur. Bu müddətdə adi gün işığını əsasən alaqaranlıq əvəz edir.
Qütb gecəsi Yer oxunun orbit müstəvisinə nəzərən təxminən 23,5 dərəcə maili olması ilə bağlıdır. Qış aylarında Yer kürəsinin qütblərindən biri Günəşdən uzağa yönəldiyi üçün Qütb dairəsi daxilində yerləşən ərazilərdə Günəş müəyyən müddət üfüqdən yuxarı qalxmır.
Bu hadisənin davametmə müddəti ərazinin coğrafi enliyindən asılıdır. Yaşayış məntəqəsi qütbə nə qədər yaxındırsa, Günəşsiz dövr də bir o qədər uzun olur. Qütblərin özündə bu müddət təxminən altı aya çata bilər.
Bununla belə, qütb gecəsi 24 saat ərzində tam qaranlıq hökm sürməsi demək deyil. Bəzi ərazilərdə Günəş üfüqdən aşağıda olsa da, səma müəyyən müddət işıqlanır. Bu vaxt “mavi saat” adlandırılan alatoranlıq müşahidə olunur və səma mavi çalarlara boyanır.
Aydın