Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətlərini Donbasdan çıxmaq şərti ilə irəli sürməsi beynəlxalq hüquq baxımından mübahisəli və zəif əsaslandırılan yanaşmadır”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu bildirib.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır və bu prinsip beynəlxalq münasibətlərin təməl sütunu hesab olunur:
“Hər hansı üçüncü dövlətin təhlükəsizlik zəmanətini ərazi güzəşti ilə şərtləndirməsi beynəlxalq hüquqa zidd siyasi presedent yaradır. Hüquqi baxımdan yalnız Ukraynanın öz suveren qərarı – daxili siyasi konsensus və xalqın iradəsinə əsaslanan razılaşma legitim sayıla bilər. Təhlükəsizlik təminatlarının təzyiq aləti kimi istifadə olunması isə beynəlxalq hüququn deyil, realpolitikanın yanaşmasıdır və bu, güc balansının hüquqi normalardan üstün tutulduğunu göstərir.Siyasi müstəvidə belə bir şərt təhlükəli presedent yaradır. Əgər ərazi güzəşti sülh və təhlükəsizlik zəmanətinin şərtinə çevrilərsə, bu, gələcəkdə digər münaqişələrdə güc yolu ilə əldə edilmiş reallıqların legitimləşdirilməsi riskini artırır. Məhz bu səbəbdən Ağ Evin məsələni rəsmi şəkildə təkzib etməsi prosesin beynəlxalq hüquq çərçivəsindən kənara çıxmaması baxımından strateji əhəmiyyət daşıyır”.
Günel Elxan