ABŞ ın Ermənistan səfirliyi həyəcan təbili çalırmı?

07.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qeyri-qanuni miqrasiya narahatlığı

ABŞ-ın Ermənistandakı səfirliyi bildirib ki, hər bir şəxs vizasından qaydalara uyğun istifadə etməyə borcludur. Səfirliyin yaydığı məlumatda deyilir: “Əgər siz Birləşmiş Ştatlarda vizanızın icazə verdiyi müddətdən artıq qalsanız, bu, gələcəkdə ABŞ-a girişinizə daimi qadağa qoyulması ilə nəticələnə bilər. Konsulluq əməkdaşlarının ölkəyə giriş və çıxış məlumatlarına çıxışı var və yol verdiyiniz pozuntular onların diqqətindən yayınmayacaq”.

Əslində, ilk baxışdan bu məlumatda elə də fövqəladə nə isə görünmür. ABŞ-ın Ermənistandakı ali diplomatik missiyası adi prosedur qaydanı izah edir. Amma əsl məsələ izahın nə üçün verilməsidir. Doğrudur, səfirlik konkret səbəb açıqlamır. Hər bir halda, müəyyən ehtimallar üzərində dayanmağa dəyər. Birinci ehtimal budur ki, Ermənistanla bağlı viza rejiminin pozulması halları artıb. Nəzərə alaq ki, əgər müəyyən ölkənin vətəndaşları arasında ABŞ-da vizanın müddətini aşmaq halları artırsa, səfirlik ictimai xəbərdarlıq etməyi məqsədəuyğun hesab edə bilər. Məsələyə qayıdacağıq.

İkinci məqam Birləşmiş Ştatların miqrasiya qaydalarına nəzarəti gücləndirməsidir. Məlum olduğu kimi, ABŞ son illərdə qanuni miqrasiyaya daha ciddi nəzarət tətbiq edir. Belə açıqlamalar təkcə Ermənistanda deyil, müxtəlif ölkələrdəki ABŞ səfirliklərinin sosial media hesablarında da vaxtaşırı paylaşılır və profilaktik xarakter daşıyır. Açıqlamada xüsusi olaraq vurğulanır ki, konsulluq əməkdaşları giriş-çıxış tarixçəsini görürlər. Bu, insanlarda “pozuntu aşkar edilməyəcək” kimi yanlış təsəvvürlərə yer verilməməlidir. Görünür, Ermənistanda durumun əksini düşünənlər çoxdur.

Ayrıca Ermənistandan xaricə miqrasiyanın yüksək səviyyəsinin üzərində də dayanmağa dəyər. ABŞ Ermənistan vətəndaşları üçün əsas miqrasiya istiqamətlərindən biridir və bəzi şəxslərin turist vizası ilə gedib ölkədə qanunsuz qalmağa çalışmaları barədə vaxtaşırı məlumatlar yayılır. Deməli, belə halların sayı artıb ki, səfirlik preventiv xəbərdarlıq qərarına gəlib.

Qeyd edək ki, ABŞ hökumətinin rəsmi statistikası da Ermənistanın ABŞ üçün qeyri-qanuni miqrasiya riski baxımından diqqətdə olan ölkələrdən biri kimi göstərir. Bu, son illərdə həm vizanın müddətini aşma, həm də qanunsuz miqrasiya ilə bağlı statistikada özünü göstərir. Məsələn, ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin 2024-cü maliyyə ili üzrə hesabatına əsasən, Ermənistan vətəndaşlarından B1/B2 (turizm və işgüzar səfər) vizası ilə ABŞ-a daxil olub ölkəni vaxtında tərk etməli olan 18011 nəfərdən 1140 nəfəri müəyyən edilmiş müddətdən artıq qalıb. Bu isə 6,33 faiz “overstay” göstəricisi deməkdir. Müqayisə üçün, həmin hesabatda Azərbaycan vətəndaşları üçün bu göstərici 2,02 faiz təşkil edib. Digər qeyri-immiqrant viza kateqoriyaları üzrə də Ermənistanın göstəricisi yüksəkdir. 2024-cü ildə bu kateqoriyada “overstay” nisbəti 4,49 faiz olub.

Digər tərəfdən, ABŞ Dövlət Departamentinin məlumatına görə, 2024-cü maliyyə ilində Ermənistan vətəndaşlarının B vizaları üzrə müraciətlərində rəddedilmə faizi 59 faizdən çox olub. Belə yüksək göstəricilər adətən konsulluqların ərizəçilərin ölkəyə geri qayıdacağına dair kifayət qədər əmin olmadığını göstərən amillərdən biri hesab olunur. Ermənistandan ABŞ-a, belə demək mümkünsə, insan axınının motivasiya mənbəyinə gəlincə, Birləşmiş Ştatlarda böyük erməni diasporunun mövcudluğunu bilirik. Müxtəlif hesablamalara görə, ölkədə hayların sayı 500–700 min arasında dəyişir.

R.ƏVƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью