Icma.az, Azpost saytına istinadən bildirir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumat mübadiləsi üçün nəzərdə tutulmuş daxili NSA Net şəbəkəsində texniki nasazlıq yaranıb.
“CNN”in məlumatına görə, hadisədən xəbərdar olan altı mənbə şəbəkənin fəaliyyətində problem yarandığını təsdiqləyib. Hazırda nasazlığın kiberhücum nəticəsində baş verdiyini göstərən heç bir əlamət aşkarlanmayıb.
NSA Net agentliyin əməkdaşları tərəfindən dövlət sirri təşkil edən məlumatların təhlükəsiz mübadiləsi üçün istifadə olunur. Mənbələrin bildirdiyinə görə, mütəxəssislər nasazlığın miqyasını araşdırdığı müddətdə agentlikdə əməkdaşların işə mərhələli qrafiklə gəlməsi tətbiq edilib.
ABŞ-ın hazırkı və keçmiş rəsmiləri bildiriblər ki, bu nasazlıq Asiya səfərində olan Prezident Donald Trampa təcili kəşfiyyat məlumatlarının ötürülməsinə mane olmayacaq. Tramp çərşənbə axşamı Filippindədir, növbəti gün isə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Çinə yola düşməlidir.
Mənbələrin sözlərinə görə, ABŞ hakimiyyətinin bir neçə ehtiyat sistemi və alternativ qorunan rabitə kanalı mövcuddur. Bu vasitələr əsas şəbəkə sıradan çıxdıqda belə prezidentlə əlaqə saxlamağa imkan verir.
NSA-da baş verən nasazlıq ABŞ şirkətlərinin və dövlət sistemlərinin fəaliyyətinə təsir edən bir sıra ciddi texniki problemlərin fonunda qeydə alınıb.
Ötən cümə günü sistemlərdə yaranan genişmiqyaslı nasazlıq səbəbindən ABŞ-da bütün hava nəqliyyatı bir neçə saatlıq dayandırılıb. Minlərlə reys gecikib və ya ləğv edilib. ABŞ Federal Aviasiya Administrasiyası problemin Arkanzas ştatında yerləşən bir marşrutlaşdırıcı cihazla bağlı olduğunu açıqlayıb.
Ötən həftə isə “Microsoft” xidmətlərində baş verən digər genişmiqyaslı nasazlıq nəticəsində dünyanın müxtəlif ölkələrində istifadəçilər “Outlook” elektron poçtuna və “Teams” videokonfrans platformasına daxil ola bilməyiblər.
Hazırda NSA-da, aviasiya qurumunda və “Microsoft” sistemlərində baş verən nasazlıqların kiberhücum nəticəsində yarandığını göstərən məlumat yoxdur.
Bununla belə, son hadisələr texniki problemlərin, xüsusilə də milli təhlükəsizlik sahəsində nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini bir daha nümayiş etdirib.
N. Talıblı
Post navigationPrevious: Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir
Next: Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır