“ABŞ ın müttəfiqləri Davosda Vaşinqtonu açıq şəkildə öz üstün mövqeyindən sui istifadə etməkdə ittiham etdilər...”

23.01.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlətimiz üçün ən rasional və təhlükəsiz seçim bu iki güc arasında balanslı siyasət yürütməkdir, heç birinə tam şəkildə tərəf olmamaqdır...”

“Bütün dünyanı maraqlandıran bir sıra fundamental problemlər Davos-2026 forumunda açıq şəkildə üzə çıxdı. Bu problemlər arasında ən önəmlisi mövcud beynəlxalq münasibətlər sisteminin dərin böhranı ilə bağlıdır. Bu gün dünyada fəaliyyət göstərən sistem artıq əvvəlki qaydalarla işləmir və ya işləyə bilmir. Onu əvəz edəcək yeni model isə hələ tam formalaşmayıb, konturları və əsas xüsusiyyətləri aydın şəkildə ortaya çıxmayıb.”

ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli bu fikirləri Moderator.az-a açıqlamasında “Bu gün də davam edən Davos forumunda baş verənlərin fonunda 2026-cı ildə dünyada və ayrıca bizim regionda hadisə və proseslərin inkişafını necə görürsüz?” sualını cavablandırarkən  ifadə edib.

“Davos forumunda bir sıra digər əhəmiyyətli məsələlər də müzakirə olundu. Süni intellektin insan həyatına mümkün mənfi təsirləri, iqlim dəyişikliyi və təmiz suya çıxış kimi həyati əhəmiyyət daşıyan mövzular diqqət mərkəzində idi. Lakin bütün bu müzakirələrin fonunda siyasət və dövlət təhlükəsizliyi məsələləri açıq şəkildə ön plana çıxdı və digər mövzuların üzərinə kölgə saldı”, -davamında bunları dilə gətirən siyasi şərhçi sözügedən “forumda xüsusilə iki məqamın diqqəti özünə cəlb etdiyini” diqqətə çatdırıb:

“Birincisi, ABŞ Prezidenti Donald Trampın çıxışı idi. Bu çıxış ABŞ-ın ənənəvi müttəfiqləri arasında ciddi narahatlıq və məyusluq yaratdı. Trampın Qrenlandiya ilə bağlı iddiaları, bu mövzu ətrafında səsləndirdiyi əsassız arqumentlər və ümumilikdə konfrontativ ritorikası Vaşinqtonun mövcud ittifaqlara münasibətinin dəyişdiyini açıq şəkildə nümayiş etdirdi. Təxminən 72 dəqiqə davam edən bu çıxış Davosda dialoqdan çox güc siyasətinin dominant mövqeyə keçdiyini göstərdi. Trampın ritorikası müttəfiqlərin əməkdaşlığa dair mövcud ümidlərini ciddi şəkildə zəiflətdi və dünya siyasətində əsas həlledici amilin güc olduğu mesajını verdi…

İkinci diqqətçəkən çıxış Kanada Baş nazirinə məxsus idi. O, ABŞ-ın yeni siyasət xəttini qəbul etməyəcəklərini açıq şəkildə ifadə edərək, Kanadanın yeni və güclü xarici siyasət yürütmək üçün həm siyasi iradəyə, həm də imkanlara malik olduğunu bildirdi. Baş nazir vurğuladı ki, Kanada və digər ölkələr uzun müddətdir mövcud beynəlxalq sistemin işləmədiyini düşünürdülər və Davos-2026 bu sistemin faktiki olaraq çökdüyünü açıq şəkildə ortaya qoydu. O, Çinin də daxil olduğu yeni tərəfdaşlıqların qurulmasının zəruriliyini qeyd edərək, diqqəti orta güclərin bir araya gəlib öz talelərini daha fəal şəkildə müəyyən etmələrinin vacibliyinə çəkdi. Bu çıxış bir daha göstərdi ki, çoxdan başlamış proses artıq geridönməz mərhələyə qədəm qoyub…”   

Əli Əskərli hesab edir ki, son onilliklərin beynəlxalq siyasətində yalnız “siyasi deyil, eyni zamanda dərin mənəvi və etik bir problem də mövcuddur”:

“Burada xüsusi olaraq toxunulmalı olan mühüm bir məsələ də etik məsuliyyət problemidir. Əgər Qərb dövlətlərinin daxil olduğu ittifaqlarda bu sistemin işləmədiyi illərdir bilinirdisə və buna baxmayaraq ciddi beynəlxalq böhranlara, xüsusilə də İslam coğrafiyasının böyük hissəsində baş verən zorakılıqlara uzun müddət göz yumulurdusa, deməli, burada təkcə siyasi deyil, eyni zamanda dərin mənəvi və etik bir problem də mövcud olub. Aydın görünür ki, Qərb dövlətlərinin ən azı bir qismi öz maraqları qorunduğu müddətcə əslində doğru hesab etmədikləri bir sistemi uzun illər dəstəkləməyə davam ediblər…”

“Budəfəki Davos forumu bir çox ciddi problemin açıq şəkildə üzə çıxmasına şərait yaratdı, lakin bu problemlərin həlli üçün konkret, praktik və icra oluna bilən mexanizmlər təqdim edə bilmədi. Bu da forumun daha çox mövcud vəziyyəti diaqnoz edən, lakin müalicə üsulları təklif etməkdə aciz qalan bir platforma olduğunu göstərdi. Forum bir daha nümayiş etdirdi ki, dövlətlərarası siyasi və iqtisadi əməkdaşlıq əvvəlki formada davam etməyəcək. ABŞ-ın müttəfiqləri Vaşinqtonu açıq şəkildə öz üstün mövqeyindən sui-istifadə etməkdə ittiham etdilər. Forumda bariz bir şəkildə göründü ki, səbəblərdən asılı olmayaraq, yeni bir beynəlxalq sistemin formalaşması artıq qaçılmaz bir reallıqdır. Lakin burada klassik mənada bir “keçid dövrü”ndən danışmaq çətindir, çünki hazırda müşahidə etdiyimiz proses daha çox mövcud sistemin ABŞ tərəfindən dağıdılması xarakteri daşıyır. Şərtlər radikal şəkildə dəyişmədiyi təqdirdə bu prosesin geri dönəcəyinə inanmaq çətindir” –deyə alim qeyd edib.   

“Bəs bu dəyişən qlobal mənzərə bizim regiona necə təsir göstərəcək?” sualını səsləndirən professor özü ortalığa belə bir cavab qoyub: 

“Yeni beynəlxalq nizamın dəqiq konturları hələ formalaşmadığından bu suala qəti cavab vermək çətindir. Bununla belə, ehtimal etmək olar ki, formalaşmaqda olan sistemdə ABŞ və Çin iki əsas supergüc kimi mövqelərini qoruyacaqlar. Belə bir şəraitdə dövlətimiz üçün ən rasional və təhlükəsiz seçim bu iki güc arasında balanslı siyasət yürütmək, heç birinə tam şəkildə tərəf olmamaqdır. Eyni zamanda, dövlətimizin də üzv olduğu Türk Dövlətləri Birliyinin güclü siyasi və iqtisadi əməkdaşlıq əsasında yeni və dayanıqlı bir güc mərkəzi kimi formalaşması ən məqsədəuyğun yanaşma kimi önə çıxır...”

Təqdim etdi:

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью