ABŞ ın qlobal gücü Hörmüz dalanında

26.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Amerika Birləşmiş Ştatlarının qlobal güc olmasında əsas rol oynayan, şübhəsiz ki, onun güclü ordusudur. Əlbəttə, digər ölkələrin asılı olduğu innovativ məhsullar (proqram təminatı, süni intellekt, silahlar, sosial media) yaradan güclü iqtisadiyyat da çox vacib rol oynayır. Dayanıqlı iqtisadiyyat investorları cəlb edir və bu da güclü bir ordunun saxlanmasına imkan verir. Amma tək bunlar kifayət deyil, yardımçı komponentlər də var: aktiv cəmiyyət, diplomatiya, möhkəmlik, güc tətbiq etməyə və fədakarlıq göstərməyə hazır olmaq. Bu vasitələrlə ABŞ öz maraqları naminə ətrafındakı dünyanı yenidən formalaşdırır. Bu da ona təsirini qorumağa və genişləndirməyə kömək edir. Son nəticədə özünü dəstəkləyən bir sistem yaranır.

Bununla belə, qlobal gücün arsenalında özünəməxsus bir sürətləndirici də var – bütün sistemi daha təsirli edən bir vasitə. Lakin bu, elə də aşkar deyil. Bunlar dostlardır. Beynəlxalq münasibətlərin dilində desək, müttəfiqlər.

Müttəfiqlər ABŞ-ın dünyadakı imkanlarını genişləndirir və təsirini gücləndirir. Onlar öz ərazilərini hərbi hospitallar, radiotexniki kəşfiyyat stansiyaları və logistika mərkəzləri üçün, hava məkanlarını isə Amerika təyyarələrinin uçuşu üçün təklif edirlər. Kəşfiyyat məlumatlarını və texnologiyanı paylaşırlar. Üçüncü ölkələrlə münaqişələrdə sanksiyaları gücləndirirlər. Onların diplomatları danışıqlarda ABŞ-a kömək edir, beynəlxalq təşkilatlardakı nümayəndələri isə mövqelərini Vaşinqtonla əlaqələndirirlər. Müttəfiqlər Amerika şirkətlərinin öz bazarlarına çıxışını asanlaşdırır, silah, proqram təminatı və istehlak mallarının alınmasında ABŞ-a üstünlük verirlər.

Buradan aydın görünür ki, Amerika Birləşmiş Ştatları məhz müttəfiqlik sisteminə görə qlobal gücdür. Amma çox yaxın vaxtlarda onun qlobal güc olduğunu keçmiş zamanda deməli olacağıq? Çünki Donald Tramp Amerika gücünün bu mənbəyini – İkinci Dünya müharibəsindən sonra yaranan müttəfiqlik sistemini – ağlagəlməz bir sürətlə məhv edir.

Son günlər və həftələrdə Amerika müttəfiqləri dünyasından yayılan bir neçə xəbərə diqqət edək. Çin və Şimali Koreyadan qorunmaq üçün ABŞ-ın nüvə və hərbi çətirinə güvənən Asiyadakı Amerika tərəfdaşlarından başlayaq.

Cənubi Koreya və ABŞ hər il “Ulçi azadlıq qalxanı” adlı birgə hərbi təlimlər keçirirlər. Ötən həftə bu təlimlər bazar ertəsi günü başladı. Təlimlərdə 18 min Cənubi Koreya əsgəri iştirak edirdi. Lakin manevrlər başlamazdan bir gün əvvəl, bazar günü Donald Tramp “Truth Social” sosial media hesabında Pentaqona son anda təlimləri “azaltmaq” tapşırığı verdiyini yazdı. ABŞ prezidenti buna səbəb kimi KXDR lideri Kim Çen Inla “çox yaxşı münasibətləri” olduğunu göstərdi. O, həmçinin qərarının Cənubi Koreya prezidentinin “İranın nüvəsizləşdirilməsi”, yəni ABŞ-İran müharibəsində iştirakdan imtina etməsi ilə əlaqəli ola biləcəyinə işarə etdi. Görünür, Tramp ilk prezidentlik müddətində etdiyi kimi Kim Çen Inla daha bir zirvə görüşü keçirmək istəyir və təlimlər buna mane olur. Beləliklə “Ulçi azadlıq qalxanı” təlimi planlaşdırılan 11 gün əvəzinə 5 gündən sonra başa çatdı.

Doğrudur, Şimali Koreya Trampın bu jestini müsbət qarşılamadı: həftənin ortalarında dənizə bir neçə ballistik raket atdı. Bununla da 27 min Amerika əsgərinin yerləşdiyi Cənubi Koreyada qeyri-müəyyənlik artdı.

Yaxşı, bundan sonra nə olacaq? Tramp Kim Çen Inla bir neçə şəkil çəkmək üçün qoşunlarının bir hissəsini geri çəkəcəkmi? Yoxsa o, digər silah sistemlərini başqa ərazilərdə yerləşdirəcək? ABŞ artıq ballistik raketləri dəf etmək üçün nəzərdə tutulmuş bəzi THAAD HHM komplekslərini Cənubi Koreyadan İranla müharibəyə lazım olduğu üçün Fars körfəzinə köçürüb.

Donald Tramp, həmçinin ABŞ-ın hələ də himayədar güc kimi etibar edilə biləcəyi ilə bağlı Yaponiya və Tayvan kimi müttəfiqləri arasında da şübhələri artırıb. Son həftə ABŞ “Corc Vaşinqton” aviadaşıyıcı gəmisini Asiya sularından Yaxın Şərqə köçürüb. Adətən Yaponiyadakı bazada lövbər salan “Corc Vaşinqton” son həftələrdə Cənubi Çin dənizində patrul xidməti həyata keçirir. Onun sahil xidməti xəttinə Çin, Tayvan, Vyetnam və Filippin daxildir. Çin isə oradakı mövcudluğunu gücləndirir, hərbi təlimlərini genişləndirir və bu da Asiya nəhənginin kiçik qonşularına təzyiqi kimi qiymətləndirilir.

Siyasi analitiklər aviadaşıyıcının köçürülməsinin iki səbəbdən narahatlıq yaratdığını qeyd edirlər. Birincisi, bu, ən azı simvolik olaraq əhəmiyyətli olan patrul xidmətinə son qoyur. İkincisi, ABŞ qüvvələrinin Yaxın Şərqdə nə qədər gərgin vəziyyətdə olduğunu göstərir.

Bütün bunlarla eyni vaxtda dünyanın digər tərəfində də Transatlantik ittifaq daxilində ziddiyyətlər artmaqda davam edir. Keçən ilki ciddi sarsıntılardan – tariflərin tətbiqi, Qrenlandiyaya qarşı təhdidlər, Vladimir Putinin ABŞ-a dəvəti və Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırılmasından sonra demək olar ki, hər həftə münasibətlərdə nisbətən kiçik toqquşmalardan tutmuş böyük qarşıdurmalara qədər yeni münaqişələr baş verir.

Ötən həftə sonu ABŞ-Kanada ticarət mübahisəsi ilə bağlı danışıqların növbəti mərhələsi uğursuzluğa məruz qaldı. Ankarada keçirilən NATO sammitində Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün çox ehtiyac duyulan sursatı müstəqil şəkildə istehsal etməyə icazə verəcəyini vəd etdi. Amma tezliklə vədini geri götürdü.

Qalan avropalılara və NATO müttəfiqlərinə də indi əsasən siyasi və ideoloji təzyiqlər göstərilir. On minlərlə miqrant İspaniyanın Seuta anklavına girməyə cəhd edərkən, ABŞ vitse-prezidenti J.D. Vens “X” sosial media hesabında kəskinliklə hadisələrin “radikal solçu qlobalist siyasətin” nəticəsi olduğunu yazdı.

Ötən həftə sonu “Bloomberg” ABŞ hökumətinin bütün NATO müttəfiqlərinə anket göndərdiyi barədə xəbər yaydı. Anketdə onlardan Trampa necə münasibət bəsləmələri, Amerika silahları almaq niyyətində olub-olmadıqları və ya İranla müharibədə ABŞ-a kömək etməyə hazır olub-olmadıqları barədə fikirlərini bildirmək təklif olunurdu. Avropanın bəzi ölkələrinin paytaxtlarında bu addım Vaşinqtonun NATO müttəfiqlərini siyasi sədaqətlərə görə bölmək cəhdi kimi qiymətləndirildi.

Qısaca desək, hara baxsanız – Avropa, Asiya və ya Yaxın Şərq – Tramp administrasiyası Amerikanın dostlarını qiymətləndirmir, hətta onlarla düşmən kimi davranır. Hegemon güc təhlükəsizlik sahəsində əvvəlki zəmanətlərindən imtina edir. Məsələn, Rusiya və ya Çindən gələn təhdidlərdən qorumaq öhdəliklərindən. İranla müharibə Bəhreyn və demək olar ki, bütün digər körfəz dövlətləri kimi tərəfdaşları hədəfə çevirib. Eyni zamanda, Tramp müttəfiqlərini təhdid edən dövlətlərin liderləri ilə yaxınlaşır, məsələn, Kim Çen Inla.

Ekspertlər arasında baş verənlərin ciddi nəticələrə səbəb ola biləcəyi barədə kəskin mübahisələr gedir. Həqiqətənmi Amerikanın ittifaqlar sistemi zəifləyir, yoxsa bu, sadəcə, ABŞ administrasiyasının nəticələrini həll edə biləcəyi başqa bir mərhələ, tarixi anomaliyadır? Vəziyyəti o qədər də ciddi hesab etməyənlər qeyd edirlər ki, Amerika ittifaqları əvvəllər bir çox böhranlarla üzləşiblər, lakin nəticədə vəziyyətdən həmişə sağ çıxıblar.

Co Bayden administrasiyası dövründə Asiya siyasəti ilə məşğul olan Kurt Kempbell və Raş Doşi bu yaxınlarda “Foreign Affairs” jurnalında yazırdılar: “Mövcud pessimizm ittifaqların qızıl dövrünün heç vaxt mövcud olmayan bugünkü problemləri ilə müqayisəyə əsaslanır”.

Almaniyanın “Die Zeit” nəşrinin şərhçisi Anna Zauerbrey yazır ki, böhranlar həmişə mövcud olub, amma bu, fərqlidir. “Biz almanlar, Tramp dövrünün sarsıntıları fonunda əvvəlki köhnə Transatlantik münasibətlərə qarşı yalançı nostaljini yaddaşlarımızdan sıxışdırıb çıxaran böhranları və fikir ayrılıqlarını xatırlamaq üçün çox vaxt sərf etmək məcburiyyətində deyilik. Dəmir pərdənin yıxılmasından sonra NATO orientrilərin itkisi və identiklik böhranı ilə üzləşdi. Bundan sonra Gerhard Şröderin 2003-cü ildə İraq müharibəsini dəstəkləməkdən imtina etməsi və bu qərarın nəticələri gəldi. İslamçı terrorizm qorxusunun ən yüksək həddə çatdığı dövrdə ABŞ və müttəfiqlərinin sülhə baxışları getdikcə daha çox fərqlənirdi.

Sonra Barak Obama gəldi və sanki hər şey yenidən yaxşı olacaq kimi görünürdü. Lakin almanların çox sevdiyi Amerika prezidentinin dövründə hətta Angela Merkelin telefonunu dinləyən bir nəzarət proqramının fəaliyyət göstərdiyi üzə çıxdı”.

Müəllif daha sonra NATO-nun əsas üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşmasını və Moskvadan S-400 zenit-raket sistemləri almasını qeyd edir və bir qədər də keçmişə qayıdaraq Şarl de Qollun rəhbərliyi dövründə Fransanın silahlı qüvvələrini NATO-nun hərbi komandanlıq strukturundan tamamilə çıxarmasını xatırlayır.

“Başqa bir məqam da var, − deyə Anna Zauerbrey yazır. − Əvvəlki dövr ona görə ittifaqların çiçəklənməsi dövr kimi görünür ki, Trampın zamanında mövcud tənəzzül Baydenin əlaqələrin möhkəmləndirilməsinin qısa bir dövründən dərhal sonra baş verdi. NATO-nun Ukraynadakı münaqişəyə qətiyyətli və razılaşdırılmış cavabı əsasən onun xidməti idi. Eyni zamanda, Bayden administrasiyası Çini təhdid kimi qəbul etdi və həm Asiyada, həm də Avropada müttəfiqlərin vahid siyasi xəttə riayət etməsini təmin etmək üçün böyük səylər göstərdi. Bu, Almaniyada da müəyyən müqavimətə səbəb oldu”.

“Die Zeit” yazır ki, hazırkı böhran əvvəlki böhranlardan iki səbəbə görə fərqlənir. Birincisi, ittifaqlar təkcə siyasi və ya ideoloji yaxınlıq, diplomatiya, iqtisadiyyat və hərbi sahədə əməkdaşlığın faydaları ilə möhkəmlənmir. Daha vacibi, təhlükənin ortaq şəkildə anlaşılması və ona qarşı əks hərəkətə keçməkdir ki, bu da alyansın mövcudluğunun əsasını təşkil edir. Başqa sözlə desək, ortaq bir düşmən vacibdir. Lakin Donald Tramp administrasiyası və ABŞ müttəfiqləri bu düşmən haqqında çox fərqli anlayışlara malikdirlər.

Alman şərhçi bu fərqin ötən il, Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyasının dərc edilməsindən sonra aydın olduğunu qeyd edir və yazır: “NATO-nun bütün əsas sənədlərində Avropa üçün əsas təhdid kimi göstərilən və eyni zamanda, Ukrayna ilə açıq münaqişədə iştirak edən Rusiya artıq bu strategiyada “düşmən” kimi müəyyən edilmir. Bunun əvəzinə, elan edilmiş məqsədin “strateji sabitlik” yəni ABŞ və Rusiya arasında balanslaşdırılmış münasibət olduğu göstərilir. Sabit Avropa və satış bazar kimi dayanıqlı Avropa iqtisadiyyatları hələ də ABŞ-ın maraqları kimi müəyyən edilir. Lakin buna nail olmağın mümkünlüyü bilavasitə Rusiyanı məğlub etməklə əsaslandırılmır”.

Trampın Alyaskada Putinlə görüşü göstərdi ki, əsas diqqət Rusiya ilə Ukrayna arasında mümkün qədər tez sülhə nail olmağa yönəlib. Lazım gələrsə, bu, Ukrayna və Avropanın maraqlarına xələl gətirə və Rusiyanın tələblərinin əhəmiyyətli bir hissəsinin tanınması ilə baş verə bilər.

Nəşrin qeyd etdiyi kimi, Çin də artıq 2017-ci ildə Tramp administrasiyasının ilk Milli Təhlükəsizlik Strategiyasında olduğu kimi, sistemli düşmən və ya “təftişçi güc” kimi təsvir edilmir. İndi o, prinsipcə “hər iki tərəfin xeyrinə” işləyən balanslaşdırılmış ticarət münasibətləri qurmaq mümkün olan bir rəqibdir. Eyni zamanda, ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki müttəfiqlərinin regional nizamın “təməl daşlarından” biri olaraq qaldığı da vurğulanır.

“Die Zeit”-ə görə bu, Amerika müttəfiqlərinin indi tamamilə fərqli bir təhlükə altında olmasının ikinci vacib səbəbinə gətirib çıxarır. “Bu, prezidentin özüdür. O, istənilən Milli Təhlükəsizlik Strategiyasını və administrasiyada ardıcıl strategiya qurmaq cəhdlərini heçə çıxarır. Məsələ təkcə Avropa və Asiyadakı Amerika müttəfiqlərinin düşmən hesab etdikləri dövlətləri Trampın düşmən hesab etməməsi deyil. Onun düşüncəsində “düşmən” və “müttəfiq” kateqoriyaları praktik olaraq yoxdur. Onun xarici siyasət kordinatlarını müəyyənlşdirən geosiyasi sistemi yoxdur, − deyə nəşr şərhinə davam edir.

ABŞ prezidentini xarakterizə edən müəllif qeyd edir ki, “daxili siyasətdə olduğu kimi, beynəlxalq səhnədə də Tramp insanları dostlara və düşmənlərə deyil, ona yaltaqlananlara və açıq danışanlara, gəlirli biznes tərəfdaşlarına və ona təklif edəcək heç bir şeyi olmayanlara bölür. Onun xarici siyasəti əsasən ABŞ-ın maraqları ilə deyil, şəxsi və ailəsinin maraqları ilə müəyyən edilir. Buna Trampın təkəbbürü və güclü kadrlar tərəfindən dəstəklənən tarixdə parlaq iz buraxmaq istəyi də əlavə olunur. Məhz buna görə də onu həqiqətən güclü hesab etdiyi liderlər cəlb edir: Si Cinpin, Vladimir Putin və Kim Çen In”, − deyə Anna fikrini tamamlayır.

Reallıq ondan ibarətdir ki, həqiqətən bu fərdiləşdirmə Amerika ittifaqlarını mahiyyətindən məhrum edir. Axı, ABŞ-ı bir dövlət kimi güclü edən məhz ittifaqlardır. Onlar əvvəldən onilliklərə nəzərdə tutulmuşdular və ayrı-ayrı administrasiyalara, siyasət kurslarının dəyişikliklərinə tab gətirməli idilər. İndiyə qədər məhz belə olub. Donald Trampın eqosu bu məntiqi sarsıdır.

İranla müharibə bu prosesi yalnız sürətləndirib. Donald Tramp şəxsən İran rəhbərliyini məğlub etməyə çalışdığı üçün ABŞ bir dövlət olaraq yenidən Yaxın Şərqdə bataqlığa düşüb və bu, bütün nəticələri ilə müttəfiqlərinə də sirayət edir.

Trampın varisləri bu ittifaqları bərpa edə və bir vaxtlar ABŞ-ın dünya gücü statusunu təmin edən əlavə güc mənbəyini bərpa edə biləcəklərmi? Bunu proqnozlaşdırmaq çətindir. Lakin artıq indi aydın görünür ki, dünya nizamı sürətlə dəyişir. Avropa, Asiya və Yaxın Şərqdəki Amerika müttəfiqlərinin üzləşdiyi təhlükəsizlik problemləri o qədər ciddidir ki, Trampın prezidentliyinin qalan iki il yarımını gözləmək çox çətin olacaq. Xüsusilə ona görə ki, Trampın özü bu çətinlikləri daha da ağırlaşdırır.

Buna görə də, artıq on illərlə əvvəldən münasibətləri müəyyənləşdirən uzunmüddətli qərarlar qəbul edilir. Bunlar tamamilə qırılmaya səbəb olmaya bilər, lakin geosiyasi arenada güc balansını dəyişdirəcək. Silah təchizatçıları və ticarət yolları dəyişir və yeni ittifaqlar yaranır.

Müşahidəçilərin fikrincə, Filippin, Yaponiya və Cənubi Koreya artıq getdikcə daha sıx qarşılıqlı əlaqədədirlər. Bu yaxınlarda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ABŞ-ın iştirakı olmadan yeni bir ittifaq – Məkkə alyansı yaratdılar.

Artıq ABŞ tərəfindən dəstəklənməyənlər öz güclərinə güvənməyə, daha müstəqil olmağa və Vaşinqtondan əllərini üzməyə başlayırlar. Tarixi paradoks budur: Tramp dünya nəhənginə əvvəlki gücünü qaytarmaq istəyirdi, amma özü də ən vacib şeyi – dostluğun dəyərini başa düşmədiyi üçün onu sarsıdır.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью