“ABŞ ın susqunluğu və Tehranın sərt cavabı: İranda etirazlar niyə səngidi?“ “The Washington Post“

22.01.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Vaşinqtonun hərbi müdaxilədən imtinası etirazçıları SEPAH-ın sərt repressiyaları ilə üz-üzə qoydu..."

İranda son illərin ən qanlı etiraz dalğası mərhələli şəkildə səngisə də, ölkə daxilində gərginlik aradan qalxmayıb. 

Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampın etirazçılara ünvanladığı sərt bəyanatlar əvvəlcə ümidləri artırsa da, Vaşinqtonun hərbi müdaxilədən imtinası İran küçələrindəki dinamikanı köklü şəkildə dəyişdi. Trampın yanvarın ortalarında "yardım yoldadır" mesajı etirazları alovlandırmışdı.

Bir çox nümayişçi bunu ABŞ-ın birbaşa müdaxiləsinə işarə kimi qəbul etmiş, hətta rejimin tezliklə çökəcəyinə inanmışdı. Lakin bir neçə gün sonra Ağ Evin hərbi ssenarini gündəmdən çıxarması bu ümidləri puça çıxardı. Nəticədə etirazçılar təkbətək SEPAH-ın - İran  İnqilabı Keşikçiləri Korpusunun qarşısında qaldılar və rejim vəziyyətə tam nəzarəti bərpa etdi.

Repressiyalar, qurbanlar və qorxu mühiti

Etirazların yatırılması zamanı İran hakimiyyəti sərt və sistemli üsullardan istifadə etdi. Ölkə faktiki olaraq internetdən ayrıldı, VPN-lər bloklandı, "Starlink  avadanlıqları sıradan çıxarıldı. Bu isə həm etirazçıların koordinasiyasını pozdu, həm də baş verənlərin miqyasını gizlətməyə imkan verdi.

HRANA-nın məlumatına görə, 25 gün ərzində 4900-dən çox insan həlak olub, minlərlə nəfər ağır yaralanıb, 26 mindən artıq şəxs saxlanılıb. Qeyri-rəsmi mənbələr isə real rəqəmlərin daha yüksək olduğunu bildirir. Xüsusilə Tehrandakı Kağrızak meyitxanasından yayılan və BBC tərəfindən təsdiqlənən görüntülər cəmiyyətə ciddi şok yaşatdı.

Bu fonda insan haqları müdafiəçilərinə təzyiq də gücləndi. Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin ailə üzvlərinin evində aparılan axtarışlar, onun uzun müddət vəkil və tibbi yardımdan məhrum saxlanılması rejimin geri çəkilmək niyyətində olmadığını göstərir. Simvolik hadisələrdən biri isə yaralı etirazçının üç gün meyitlər arasında gizlənərək sağ qalması oldu - bu hekayə ölkədə yaranmış qorxu atmosferini açıq şəkildə nümayiş etdirir.

Trampın "qırmızı xətləri" və qeyri-müəyyən gələcək

Bütün bunlara baxmayaraq, Donald Tramp İrana qarşı sərt ritorikadan imtina etmir. Davosda çıxışı zamanı o, Tehranın etirazçılara qarşı "küçələrdə atəş açdığını" deyib və planlaşdırılan yüzlərlə edamın onun təzyiqindən sonra dayandırıldığını vurğulayıb. Tramp həmçinin xatırladıb ki, ABŞ ötən il İran obyektlərinə güclü zərbələr endirib və Tehranın nüvə silahına sahib olmasına icazə verilməyəcək.

Lakin reallıqda Vaşinqtonun mövqeyi ehtiyatlı qalır. Birbaşa hərbi müdaxilənin regionu alovlandıracağı, Hörmüz boğazını risk altına salacağı və neft bazarını silkələyəcəyi qorxusu üstünlük təşkil edir. Bu da İran rejiminə etirazları "xarici sui-qəsd" kimi təqdim etmək və daxili repressiyaları əsaslandırmaq imkanı verir.

Ekspertlərin fikrincə, hazırkı səssizlik aldadıcıdır. İqtisadi böhran, riyalın dəyər itirməsi və sosial narazılıq aradan qalxmayıb. Sadəcə, bu dəfə etirazlar yatırılıb. Növbəti partlayışın nə vaxt və hansı səbəbdən baş verəcəyi isə hələlik açıq sual olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью