Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“İranda rejimin dəyişdirilməsi və ya mövcud siyasi kursdan tam imtina etdirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Bu siyasət 1979-cu ildə R. Xomeyninin rəhbərliyi ilə baş verən inqilabdan sonra formalaşıb və bu günədək davam edir. Rəsmi olaraq “İslam İnqilabı” adlandırılan proses əslində şiə məzhəbi ideologiyası ilə sintez olunmuş fars millətçiliyinin məhsuludur”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
“Sözügedən ideologiyanın əsas məqsədi Yaxın Şərqi nəzarət altına almaq və İran imperiyası iddiasını bərpa etmək olub. Məhz bu strategiyaya uyğun olaraq İran müxtəlif regionlarda proksi qüvvələr yaradaraq təsir dairəsini genişləndirməyə çalışıb.
Hazırda ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi-siyasi təzyiqlər təkcə Donald Trampın fərdi siyasi xətti kimi qiymətləndirilə bilməz. Bu, qlobal siyasi münasibətlər sisteminin transformasiyası ilə bağlıdır. Tramp administrasiyası beynəlxalq münasibətlər sistemini ABŞ-ın tam maraqları kontekstində yenidən dizayn etməyə çalışır. İrana qarşı tətbiq edilən təzyiqlərin əsas hədəfi Yaxın Şərqdə ABŞ-a qarşı dayana biləcək istənilən güc mərkəzinin sıradan çıxarılmasıdır. Eyni zamanda İranın neft-qaz ehtiyatlarının dünya bazarına çıxarılması ilə Çin–Rusiya oxunun zəiflədilməsi də bu strategiyanın tərkib hissəsidir”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, ABŞ–İran arasında aparılan diplomatik danışıqlar müharibə ssenarisini müəyyən müddətə təxirə sala bilər.
“Lakin İran üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, hərbi müdaxilə ssenarisi yenidən gündəmə gələ bilər.
ABŞ İranın ali dini rəhbəri Əli Xameneinin istefasında maraqlıdır. Xameneinin hakimiyyətdən getməsi ABŞ üçün mümkün hərbi müdaxilədən imtina etmək və ya onu təxirə salmaq üçün əsas yarada bilər. Bu gün ABŞ ilə İran arasında mövcud olan kəskin ziddiyyətlərin və Tehranın radikal xarici siyasətinin əsas ideoloji dayağı məhz Əli Xameneidir.
Ə. Xamenei istefa verərsə, İranda mövcud siyasi sistemin dayaqları ciddi şəkildə sarsıla, ölkə daxilində yeni güc balansı formalaşa və İranın regional siyasətində köklü dəyişikliklər baş verə bilər”.
Şəbnəm