ABŞ İran gərginliyi yeni müharibə mərhələsinə keçə bilər?

24.01.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın 10 min kilometrədək məsafədə hədəfləri vura bilən qitələrarası ballistik raketi sınaqdan keçirdiyi barədə yayılan məlumatlar regionda təhlükəsizlik risklərini yenidən gündəmə gətirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, raket Semnan şəhərindən buraxılıb, uzun müddət havada qalmaq qabiliyyətinə malikdir və əvvəlki analoji sistemlərlə müqayisədə sürət tempi dörd dəfə yüksəkdir. İddialara görə, nüvə başlığı daşımaq üçün dizayn edilən raket Rusiya ilə razılaşma çərçivəsində Sibirdə yerləşən bir nöqtəyə yönəldilib və bu, İranın ilk qitələrarası uzaqmənzilli raket sınağı kimi dəyərləndirilir.

Bu məlumatların fonunda ABŞ Prezidenti Donald Tramp İrana doğru "böyük bir qüvvə"nin hərəkət etdiyini açıqlayıb. Ağ Evin prezident adından yaydığı bəyanatda bölgəyə genişmiqyaslı hərbi donanmanın göndərildiyi qeyd olunub və Vaşinqtonun vəziyyəti yaxından izlədiyi vurğulanıb. Tramp "heç bir hadisənin baş verməsini istəmədiyini", lakin mümkün ssenarilərə hazır olduqlarını bildirib.

Paralel olaraq Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin İrana mümkün hərbi zərbəsinə dair əlamətlərin mövcud olduğunu açıqlayıb.

Xatırladaq ki, İranda son aylarda baş verən və minlərlə insanın həyatını itirdiyi kütləvi etirazlardan sonra ABŞ-İran münasibətləri daha da kəskinləşib, tərəflər bir-birinə qarşı sərt bəyanatlar səsləndirib, təhdidlərdən belə çəkinməyiblər. Bütün bu proseslər fonunda ABŞ-İsrail və İran xəttində yeni bir hərbi qarşıdurma ehtimalının baş verə biləcəyi yenidən gündəmə gəlib.

İranın 10 min kilometrədək məsafədə hədəfləri vura bilən qitələrarası ballistik raket sınağı keçirməsi barədə yayılan məlumatlar Yaxın Şərqdə, onsuz da, gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib. Raketin nüvə başlığı daşımaq üçün dizayn edildiyi iddiası, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın bölgəyə böyük hərbi qüvvə göndərildiyini açıqlaması və Türkiyə tərəfindən İsrailin İrana mümkün hücumu ilə bağlı xəbərdarlıqlar müharibə ehtimallarını yenidən gündəmə gətirib.

Nəzərə alsaq ki, son illərdə ABŞ və İran arasında münasibətlər, əsasən, Tehranın nüvə proqramı ətrafında formalaşan qarşıdurma üzərində qurulub, Vaşinqton İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini dəfələrlə bəyan edib, Tehran isə proqramın dinc məqsədlər daşıdığını iddia edib, İranın da nüvə proqramından imtina etməməsi gərginliyin aktuallığını qoruyub-saxlayır. Xüsusilə ABŞ-nin əvvəlki qarşıdurmalar zamanı İranın nüvə obyektlərini vurduğunu açıq şəkildə etiraf etməsi fonunda yeni raket sınağı Vaşinqtonun və müttəfiqlərinin ənənəvi mövqeyini gücləndirə bilər. Bu isə ABŞ-İran arasında mümkün nüvə danışıqlarının perspektivlərinə mənfi təsir göstərən əsas faktor kimi çıxış edir. Gözlənilir ki, belə bir vəziyyətdə ABŞ tərəfi danışıqlarda daha sərt şərtlər irəli sürə və raket proqramının da razılaşma predmetinə çevrilməsində israrlı mövqe tuta bilər.

Digər tərəfdən, İranın bu addımının hərbi eskalasiyadan daha çox, çəkindirmə məqsədi daşıdığı da istisna deyil. Lakin İsrailin təhlükəsizlik doktrinası İranın nüvə və daşıyıcı texnologiyalar sahəsində irəliləyişlərini birbaşa təhdid kimi qəbul edir və bu, önləyici zərbə riskini artırır. Düzdür, yaxın perspektivdə tammiqyaslı ABŞ-İran müharibəsi ilə bağlı ehtimallar aşağı olsa da, məhdud hərbi qarşıdurma və ya İsrailin İrana qarşı lokal əməliyyatları gözləniləndir. Belə bir ssenari İranın müttəfiq və təsir dairəsində olan silahlı qruplar vasitəsilə cavab verməsi, regional təhlükəsizlik balansının pozulması və enerji bazarlarında qeyri-sabitliyin artması ilə nəticələnə bilər. Görünür, Türkiyənin XİN başçısı Hakan Fidanın da nəzərdə tutduğu elə budur.

Ümumilikdə isə hazırkı proseslər göstərir ki, tərəflər birbaşa müharibədə maraqlı olmasalar da, qarşılıqlı güc nümayişi və sərt ritorika gərginliyin nəzarətdən çıxma riskini artırır. İranın raket sınaqları və nüvə ilə bağlı iddiaları fonunda ABŞ-İran danışıqlarının gələcəyi daha da qeyri-müəyyənləşir və Yaxın Şərq yeni təhlükəsizlik sınağı ilə üz-üzə qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью