ABŞ İran münasibətlərində əsas problem nədir? AÇIQLAMA

20.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu bir həqiqətdir ki, Yaxın Şərq regionunda maraqların toqquşması uzun müddətdir sabitliyin və sülhün təmin olunmasına əngəl törədir. Maraqların toqquşması fonunda İsrail-İran qarşıdurması ABŞ-İran münasibətlərinə də təsir göstərib və nəticədə ABŞ-İsrail-İran qarşıdurması artıq eskalasiya mərhələsinə keçib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev səsləndirdi.

O qeyd etdi ki, Pakistanın vasitəçiliyi ilə danışıqların aparılmasına və onlayn formatda İslamabad razılaşmasının imzalanmasına baxmayaraq, qarşıdurma hələ də səngimək bilmir:

"Gərginliyin azalmamasının əsas səbəblərindən biri tərəflərin hər birini razı sala biləcək razılaşmanın əldə olunmaması, daha doğrusu, bunun mümkünlüyünün demək olar ki, yox səviyyəsində olmasıdır. Əgər ABŞ və İran arasında etimad mühiti yaranarsa, bu halda yalnız əsaslı sülhdən danışmaq mümkün olar. Təəssüf ki, dini və tarixi amillər səbəbindən İranda ABŞ-ni hələ də "Şeytan-ı Bozorg", yəni "Böyük Şeytan" hesab edirlər. Eləcə də, ABŞ tərəfindən İranın dini liderinin və digər dövlət rəsmilərinin öldürülməsi İslam dövlətinin daim xatırlayacağı amil olaraq qalacaq. Bu halda, eynilə Azərbaycan-Ermənistan münaqişəsində olduğu kimi, ya tərəflərdən biri digəri üzərində inamlı qələbə qazanır və postmünaqişə dövrü üçün sülhün prinsiplərini təqdim edir, ya da Rusiya-Ukrayna müharibəsində olduğu kimi, məsələ uzunmüddətli və həlli mümkün olmayan bir mərhələyə keçir. Birinci ssenari üzrə həll yolu cari reallıqlar fonunda mümkün deyil. Həm İran, həm də ABŞ kifayət qədər böyük hərbi potensiala malikdir. İranın coğrafi yerləşməsi və beynəlxalq münasibətlərin mövcud vəziyyəti quru əməliyyatı ehtimalını da azaldır. Nəticədə münaqişə uzaqdan zərbələrin endirilməsi şəraitində davam edir".

Siyasi şərhçinin fikrincə, digər ssenari isə İran üçün heç də yad deyil:

"Sanksiyalar şəraitində yaşamaqla çətinliklər qarşısında müəyyən immunitet qazanmış İran və onun rəhbərliyi yaxşı fərqindədir ki, qısamüddətli müharibələrdə də dözümlülük nümayiş etdirərək nəticə əldə etmək mümkündür. Faktiki olaraq, İsrailin müttəfiqi olan ABŞ-ın imzaladığı razılaşmalara məhəl qoyulmaması və hərbi hücumların davam etdirilməsi də münaqişənin eskalasiyasını qaçılmaz edir.

Beləliklə, İran "öz bildiyimi heç kimə vermərəm" fikrini tezis kimi qəbul edən İsraillə, okeanın digər tayında yerləşən ABŞ və iki müttəfiqin regiondakı tərəfdaşları ilə müharibə şəraitində yaşamalı olur. Təxminlər bunu deməyə əsas verir ki, uzunmüddətli eskalasiya nə İran, nə ABŞ, nə də İsrail üçün uyğun deyil. Cari iqtisadi vəziyyət, enerji amili və böhran faktorları tərəfləri daha genişmiqyaslı münaqişədən yayındırmağı bacarır. Bu baxımdan, tərəflər arasında bir müddət də məhdud eskalasiyanın davam edəcəyini deməyin səhv olmayacağını düşünürəm. Münaqişənin bitməsinə gəldikdə isə, hər hansı tərəf məğlubiyyətə xas razılaşma üzrə öhdəlik götürməyə məcbur olmalıdır. Faktiki olaraq isə tərəflərin heç biri buna getməyə hazır deyil".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью