“ABŞ İran qarşıdurması Tehranın Bakı və İrəvana münasibətinə təsir edə bilər” ŞƏRH

23.11.2026

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ–İran münasibətlərində gərginliyin davam etməsi Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazın geosiyasi və təhlükəsizlik mühitinə də birbaşa təsir göstərmək potensialına malikdir. Xüsusilə Azərbaycanın İranla uzun quru sərhədinə malik olması, regionun mühüm nəqliyyat və enerji qovşaqlarından birində yerləşməsi bu qarşıdurmanın mümkün nəticələrini ölkəmiz üçün daha həssas edir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, məsələ yalnız iki dövlət arasında münasibətlərin pisləşməsi deyil, həm də regional güc balansının, nəqliyyat-kommunikasiya marşrutlarının və təhlükəsizlik prioritetlərinin dəyişməsi ehtimalıdır:
“ABŞ və İran arasında qarşıdurmanın hərbi müstəviyə keçməsi ilk növbədə regionda qeyri-sabitliyin genişlənməsi riskini yaradır. Belə bir ssenaridə İranın şimal sərhədləri boyunca təhlükəsizlik tədbirlərini gücləndirməsi, hərbi qüvvələrin dislokasiyasında dəyişikliklər və sərhəd nəzarətinin sərtləşdirilməsi mümkündür. Bu isə Azərbaycanla İran arasında mövcud münasibətlərə əlavə həssaslıq gətirə bilər. Xüsusilə hərbi eskalasiya fonunda yanlış hesablamalar, sərhəd insidentləri və qarşılıqlı etimadın zəifləməsi region üçün əlavə təhlükəsizlik problemləri yarada bilər.
Azərbaycanın bu prosesdə əsas prioritetlərindən biri münaqişənin ölkə ərazisinə və sərhədlərinə sirayət etməsinin qarşısını almaqdır. Bizim üçün İranla qonşuluq münasibətlərinin qorunması, eyni zamanda ABŞ və digər Qərb tərəfdaşları ilə əməkdaşlığın davam etdirilməsi arasında həssas balansın saxlanılması vacibdir. Ona görə də Azərbaycan öz xarici siyasətində hərbi qarşıdurmalara qoşulmamaq, regional sabitliyi qorumaq və milli maraqlara uyğun müstəqil qərarlar qəbul etmək xəttini əsas götürür.
Bununla yanaşı, ABŞ–İran qarşıdurmasının iqtisadi və enerji təhlükəsizliyi aspektləri də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Regional qeyri-sabitlik enerji və nəqliyyat infrastrukturunun təhlükəsizliyinə, investisiya mühitinə və beynəlxalq logistika zəncirlərinə mənfi təsir göstərə bilər. Xəzər hövzəsini Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin əhəmiyyətinin artdığı bir şəraitdə Cənubi Qafqazda təhlükəsizliyin pozulması Azərbaycanın tranzit imkanları baxımından da arzuolunmazdır.
Digər mühüm məsələ İranın Cənubi Qafqaz siyasətidir. Tehran regionda ABŞ və İsrailin hərbi-siyasi iştirakının genişlənməsinə, xüsusilə öz şimal sərhədləri yaxınlığında xarici təsir imkanlarının artmasına həssas yanaşır. TRIPP layihəsi ətrafında formalaşan müzakirələr də İranın bu narahatlıqlarını gücləndirən amillərdəndir. Buna görə ABŞ–İran qarşıdurmasının nəticələrindən asılı olaraq Tehranın Azərbaycan və Ermənistanla münasibətlərində daha ehtiyatlı və ya daha sərt mövqe nümayiş etdirməsi mümkündür.
Bu kontekstdə Azərbaycanın diqqət yetirməli olduğu digər istiqamət informasiya və kiber təhlükəsizlikdir. Regional münaqişələrin genişlənməsi zamanı kritik infrastruktur, enerji obyektləri, nəqliyyat sistemləri və dövlət informasiya resurslarına qarşı kiber təhdidlər arta bilər. Eyni zamanda, İran daxilində mümkün siyasi və iqtisadi qeyri-sabitliyin miqrasiya proseslərinə, sərhədyanı ticarətə və humanitar vəziyyətə təsiri də nəzərə alınmalıdır.
Ümumiyyətlə isə bizim üçün əsas vəzifə bu qarşıdurmada tərəfə çevrilmədən milli maraqları qorumaq, İranla sərhəd təhlükəsizliyini təmin etmək, ABŞ və digər beynəlxalq tərəfdaşlarla münasibətlərdə balansı saxlamaqdır. Xüsusilə vacib olan məqam Azərbaycan ərazisinin hər hansı hərbi əməliyyatlar və ya üçüncü tərəflər arasında qarşıdurma üçün istifadə edilməsinə yol verməməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью