Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yenidən İranla bağlı ritorikanı kəskinləşdirib. Ağ Ev rəhbəri Tehranın Vaşinqtonun irəli sürdüyü tələblərlə razılaşmayacağı təqdirdə, yaxın vaxtlarda “sürətli və sərt” hərbi əməliyyata başlamaq əmri verə biləcəyini bəyan edib. Bu fonda ABŞ və İranın müharibə həddinə nə qədər yaxınlaşdığı sualı yenidən gündəmə gəlib.
Yanvarın 30-da Donald Tramp bildirib ki, İrana doğru “Venesuelaya göndəriləndən də böyük” hərbi donanma hərəkət edir. Onun sözlərinə görə, razılaşma əldə olunarsa, bu, yaxşı olar, əks halda isə hadisələrin gedişi fərqli ola bilər. Bir neçə gün əvvəl – yanvarın 28-də Tramp İran hakimiyyətindən nüvə silahı yaratmaqdan tam imtinanı nəzərdə tutan danışıqlara başlamağı tələb edib. Əks halda, ABŞ prezidenti bildirib ki, İrana endiriləcək yeni zərbələr ötən dəfəkindən “qat-qat ağır” olacaq.
Bu hədələr ABŞ-ın Sakit okean donanmasına məxsus, “Avraam Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi güclü zərbə qrupunun Hörmüz boğazı vasitəsilə Ərəb dənizinə, birbaşa İran sahillərinə yaxın əraziyə daxil olmasından sonra səsləndirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki qruplaşması
“Avraam Linkoln”un başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu yanvarın 26-da ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub və qruplaşma davamlı şəkildə əlavə qüvvələrlə gücləndirilir. Aviadaşıyıcının göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 9-cu aviadaşıyıcı hava qanadı yerləşdirilib. Bu qanadın tərkibində ümumilikdə 64 döyüş təyyarəsi var.
Hazırkı mərhələdə qrupun tərkibinə daxildir:
-ABŞ Dəniz Piyada Korpusuna məxsus “Black Knights” eskadrilyası – ən yeni “F-35C Lightning II” “görünməz” qırıcıları ilə;
-“Tophatters”, “Black Aces” və “Vigilantes” eskadrilyaları – “F/A-18E/F Super Hornet” tipli zərbə qırıcı-bombardmançıları ilə;
-Radioelektron mübarizə üçün “Wizards” eskadrilyası;
-Uzaqdan radiolokasiya aşkarlanması üçün “Wallbangers” eskadrilyası;
-Təchizat məqsədli “Titans” eskadrilyası;
-Döyüş mühafizəsi, sualtı qayıqlara qarşı mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş iki “MH-60R/S Seahawk” helikopter eskadrilyası.
Zərbə qrupunu hazırda “Mobile Bay” raket kreyseri və qanadlı raketlərlə təchiz edilmiş “Frank E. Petersen Jr.”, “Spruance” və “Michael Murphy” esminesləri müşayiət edir. Hərbi ekspertlərin fikrincə, bu cür qruplaşmalar adətən gizli şəkildə ən azı bir atom sualtı qayığı tərəfindən də qorunur.
Bundan əlavə, “Avraam Linkoln”un rəhbərlik etdiyi zərbə qrupunun tərkibində say tərkibi açıqlanmayan ABŞ Dəniz Piyada Korpusunun bölmələri də var. Bu qüvvələr xüsusi əməliyyatların həyata keçirilməsi üçün hazır vəziyyətdə saxlanılır.
Təkcə bu zərbə qrupu ilə kifayətlənməyən Vaşinqton, yanvarın 30-na olan məlumata görə, Yaxın Şərqdə əlavə olaraq təxminən 10 döyüş gəmisini cəmləyib. Bunların sırasında idarəolunan raketlərlə təchiz edilmiş “Roosevelt”, “Delbert D. Black”, “Mitscher” və “McFaul” esminesləri, həmçinin mina əleyhinə əməliyyatlar həyata keçirən “Canberra”, “Tulsa” və “Santa Barbara” gəmiləri var.
ABŞ Hərbi Hava Qüvvələrinin bölgədəki qruplaşması
Yaxın Şərqdə ABŞ hərbi aviasiyasının əsas mərkəzi hələ də Qətərdə yerləşən Əl-Udeyd aviabazası hesab olunur. Lakin İran tərəfdən artan təhdidlər fonunda ABŞ Hərbi Hava Qüvvələrinin bir hissəsi bazadan kənara çıxarılaraq region üzrə səpələnib.
Hazırda ABŞ HHQ-nin bölgədəki əsas imkanları bunlardır:
-“B-52H” strateji bombardmançıları. 2025-ci ilin sonu və 2026-cı ilin yanvarında ABŞ HHQ-nin 96-cı eskadrilyasına məxsus “B-52H” bombardmançıları bölgə üzərində — o cümlədən Qətər və Oman istiqamətində uzunmüddətli uçuşlar həyata keçirib. Bu təyyarələr daimi olaraq Qətərdə yerləşməsə də, Avropadakı bazalardan (xüsusilə İspaniyanın Rota bazasından) və birbaşa ABŞ ərazisindən rotasiya əsasında bölgəyə cəlb olunur.
- “F-15E Strike Eagle” qırıcıları. 2026-cı ilin yanvarında ABŞ HHQ-nin üç “F-15E” eskadrilyası Böyük Britaniyadan İordaniyadakı Muafak əs-Salti aviabazasına köçürülüb. Məqsəd İran istiqamətində ABŞ-ın irəlidə yerləşən hərbi mövcudluğunu gücləndirməkdir.
-Hava kəşfiyyatı. Əl-Udeyd bazasına yaxın vaxtlarda “RC-135V Rivet Joint” tipli elektron kəşfiyyat təyyarəsi gətirilib. Bu təyyarə İranın hava hücumundan müdafiə sistemlərini və rabitə şəbəkələrini daimi rejimdə izləyir.
Nəqliyyat aviasiyası və HHM gücləndirilməsi. Yanvarın son həftəsində ABŞ HHQ bölgəyə 40-dan çox ağır nəqliyyat təyyarəsi (C-17A və C-5M) göndərib. Bu reyslər vasitəsilə əlavə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri daşınıb.
ABŞ-ın quru qoşunları: İran sərhədləri yaxınlığında on minlərlə hərbçi
Mövcud məlumatlara görə, İran sərhədlərinə yaxın ərazilərdə 30–40 min nəfər ABŞ ordusu və Dəniz Piyada Korpusunun hərbçisi yerləşdirilib.
Quru qoşunlarının əsas hissəsi qonşu ölkələrdəki strateji bazalar üzrə bölüşdürülüb:
-Qətərdəki Əş-Şayliyyə bazası və Əl-Udeyd aviabazası (CENTCOM-un ön qərargahı). Burada təxminən 10 min hərbçi cəmləşib;
-Küveytsəki Kemp-Arifcan bazası ABŞ-ın regiondakı əsas logistika mərkəzidir. Burada ABŞ Ordusunun zirehli və mexanikləşdirilmiş bölmələri yerləşir;
-İordaniya və İraqdakı ABŞ kontingenti sərhədlərin mühafizəsi və strateji obyektlərin təhlükəsizliyini təmin edir. İordaniyada aviabazalarda əlavə dəstək bölmələri də mövcuddur;
-Bəhreyndə ABŞ-ın 5-ci Donanmasının qərargahı yerləşir. Eyni zamanda dəniz desant əməliyyatları üçün nəzərdə tutulmuş Dəniz Piyada Korpusu bölmələri də fəaliyyət göstərir.
Trampın “sürətli zərbə” ssenarisi və İranın nüvə proqramı
Tramp çıxışlarında İran ətrafında hərbi qüvvələrin cəmlənməsini Karib hövzəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin yaratdığı qruplaşma ilə müqayisə edir. Həmin donanma vaxtilə Venesuelada hərbi əməliyyat zamanı ölkənin o vaxtkı lideri Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin oğurlanıb ABŞ-yə aparılmasında istifadə olunmuşdu. Vaşinqtonda bu paralel təsadüfi sayılmır və Tramp administrasiyasının İrana yanaşmasının “məhdud zərbə” yox, daha genişmiqyaslı əməliyyatlara hesablandığını göstərir.
CNN-in Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, Donald Tramp hazırda İran ərazisində yerləşən hədəflərə qarşı kütləvi hava zərbələri endirilməsi variantını nəzərdən keçirir. Bu qərar İran tərəfi ilə nüvə proqramının və ballistik raket istehsalının dayandırılması ilə bağlı aparılan ilkin məsləhətləşmələrin nəticəsiz qalmasından sonra gündəmə gəlib.
Potensial hədəflər sırasında İranın ali siyasi və hərbi rəhbərliyi, təhlükəsizlik strukturlarının yüksək rütbəli nümayəndələri, ötən aylarda baş verən kütləvi etirazlar zamanı nümayişçilərin öldürülməsinə görə məsul şəxslər, nüvə proqramı ilə bağlı istehsal sahələri və anbarlar, eləcə də dövlət idarəetmə obyektləri göstərilir.
Donald Trampın İranın nüvə proqramına artan diqqətinin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və hərbi kəşfiyyatın son hesabatları dayanır. Bu sənədlərdə bildirilir ki, İran ötən ilin yayında hava zərbələri nəticəsində sıradan çıxmış uran zənginləşdirmə infrastrukturunu bərpa etməyə çalışır. Eyni zamanda Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina etməsi Vaşinqtonda ciddi şübhələr doğurur.
“New York Times” nəşrinin ABŞ hökumətindəki mənbələrə istinadən yazdığına görə, Trampa təqdim olunan digər kəşfiyyat hesabatlarında İran rejiminin ümumilikdə ciddi şəkildə zəiflədiyi vurğulanır. Bildirilir ki, rəsmi Tehran 1979-cu il İslam İnqilabından bəri ən zəif mövqedədir. Ötən ilin sonunda başlayan kütləvi etirazlar hətta ənənəvi olaraq rejimi dəstəkləyən bölgələri də əhatə edib.
Vaşinqtonun Tehrana irəli sürdüyü tələblər
Donald Tramp açıq şəkildə detalları açıqlamasa da, ABŞ rəsmiləri bildirir ki, danışıqlar zamanı İrana üç əsas tələb təqdim olunub:
-Uranın zənginləşdirilməsinin tam dayandırılması və mövcud ehtiyatların ləğvi;
-İranın ballistik raketlərinin sayının və uçuş məsafəsinin məhdudlaşdırılması;
-Yaxın Şərqdə radikal qruplaşmalara – o cümlədən HƏMAS, “Hizbullah” və Yəmən husilərinə dəstəyin dayandırılması.
Maraqlıdır ki, Trampın bəyanatlarında və ABŞ-ın rəsmi tələblərində İran daxilində insan haqlarının pozulması və etirazçılara qarşı repressiyaların dayandırılması məsələsi demək olar ki, yer almır. Halbuki ABŞ prezidenti dekabr etirazları zamanı sosial şəbəkələrdə İran xalqına dəstək vəd etmişdi. Son həftələrdə isə bu mövzu Vaşinqtonun gündəmindən faktiki olaraq çıxarılıb.
İran ABŞ-ın tələblərini yerinə yetirə bilərmi?
Vaşinqtonun Tehrana ünvanladığı ilk və əsas tələbin yerinə yetirolməsi - İranın uranın zənginləşdirilməsi üzrə bütün planlardan imtina etməsi və mövcud ehtiyatları tamamilə ləğv etməsi praktiki baxımdan son dərəcə çətin nəzarət edilən prosesdir. İranın Natanz və Fordo şəhərlərində yerləşən əsas nüvə obyektləri ötən ilin iyununda İsrail və ABŞ-ın hava zərbələri nəticəsində ciddi zərər görüb və onların əvvəlki gücü ilə bərpası real görünmür.
Lakin ekspertlərin qeyd etdiyi kimi, uranın zənginləşdirilməsi üçün iri obyektlər mütləq şərt deyil. Kiçik, gizlədilməsi asan müəssisələr də bu məqsədlə istifadə oluna bilər. Əgər Tehran 60 faizədək zənginləşdirilmiş urana çıxış əldə etsəydi – bu isə silah səviyyəsinə çox yaxın göstəricidir, bir neçə nüvə döyüş başlığı istehsal etmək imkanına malik olardı. Bununla belə, ABŞ kəşfiyyat orqanlarının hazırkı məlumatlarına əsasən, İranın bu istiqamətdə yeni irəliləyiş əldə etdiyinə dair əlamətlər yoxdur.
İkinci tələb – ballistik raketlərin sayının və uçuş məsafəsinin məhdudlaşdırılması isə İran üçün faktiki olaraq İsrail ərazisinə zərbə endirmək imkanından imtina deməkdir. İran arsenalındakı bu raketlər Tehranın İsrail tərəfindən istənilən an mümkün hücumlarına qarşı son və əsas çəkindirmə vasitəsi sayılır. Hazırda yeni İran–İsrail hava müharibəsi qaçılmaz görünməsə də, İsrailin baş naziri Benyamin Netanyahu İranın raket ehtiyatlarını yenidən artıracağı təqdirdə hücumların bərpa olunacağını açıq şəkildə bəyan edib.
Üçüncü tələb - Tehranın radikal islamçı qruplaşmalara dəstəyi dayandırması isəİran üçün nisbətən daha “asan” görünür. Ölkə iqtisadiyyatı dərin böhran içindədir, riyalın məzənnəsi tarixi minimumlara enib və rejimin HƏMAS, “Hizbullah” və Yəmən husiləri kimi müttəfiqləri maliyyələşdirmək üçün əvvəlki resursları faktiki olaraq qalmayıb.
Tehranın mümkün cavabı: zəif müdafiə, güclü hücum potensialı
Ötən ilin iyununda baş verən 12 günlük hava müharibəsi zamanı İsrail İranın hərbi infrastrukturuna, o cümlədən ballistik raket istehsalı mərkəzlərinə, radar sistemlərinə və Rusiyadan alınmış “S-300” zenit-raket komplekslərinin yerləşdiyi mövqelərə zərbələr endirdi. Nəticədə İranın onsuz da köhnəlmiş hava hücumundan müdafiə sistemi demək olar ki, tam sıradan çıxarıldı.
Buna baxmayaraq, Tehran İsrail ərazisinə yüzlərlə ballistik raket buraxmağa nail oldu və onlarla raket İsrailin çoxsəviyyəli HHM sistemini yararaq hədəflərə çatdı. Bu fakt göstərir ki, İran müdafiə baxımından zəifləmiş olsa da, hücum potensialını tam itirməyib.
Hazırda İran minlərlə qısa və orta mənzilli, bərk yanacaqla işləyən raketə sahibdir. Bu raketlərin aşkarlanması çətindir və onlar ilk növbədə Qətər, İordaniya və Bəhreyn kimi ABŞ hərbi bazalarının yerləşdiyi region ölkələri üçün real təhlükə yaradır. Bundan əlavə, İran silahlı qüvvələrinin arsenalında ABŞ gəmilərinə qarşı istifadə oluna biləcək qanadlı raketlər və pilotsuz uçuş aparatları da mövcuddur. Aktiv vəziyyətdə olan raket buraxılış qurğularının real sayı isə hələ də naməlumdur.
Bundan əlavə İran böyük dron potensialına malikdr. Bir müddət əvvəl İran yeni gizli və "gözəgörünməz" dronunu təqdim edib. Tehran 350 km mənzilə və 510 km-dən çox sürətə malik, radardan yayına bilən, reaktiv mühərrikli "Hədid 110" dronunu nümayiş etdirib. Dron uçuş-enmə zolağına ehtiyac duymur, istənilən nöqtədən buraxıla bilir və bir operator tərəfindən idarə olunur.
İranın dronları, o cümlədən "Abraham Linkoln" təyyarədaşıyan gəmisi də daxil olmaqla, Yaxın Şərqdəki ABŞ dəniz donanması üçün əhəmiyyətli təhlükə yaradıb. Hərbi ekspertlər bildirir ki, İran çox sayda dronla eyni vaxtda intensiv hücumlar həyata keçirərək düşmən müdafiə sistemlərinə ciddi təzyiq göstərə bilir. İranın 10 minə yaxın dron ehtiyatı Yaxın Şərqdə təhlükəli cavab imkanları yaradır.
Hörmüz boğazı: Tehranın ən güclü “kozırı”
İranın ən ciddi cavab alətlərindən biri də Hörmüz boğazını bağlamaq potensialıdır. Dünyada hasil olunan neftin təxminən 40 faizi Fars körfəzi regionunun payına düşür və qlobal neft tədarükünün təqribən 20 faizi İran və Oman sahilləri arasında yerləşən dar Hörmüz boğazından keçir.
İllərdir Tehran bu marşrutun bloklanmasını mümkün cavab ssenarisi kimi nəzərdən keçirir. Hətta İranın bunu tam həyata keçirməsi mümkün olmasa belə, bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanması qlobal enerji bazarına kritik zərbə vurmaq üçün kifayət edər.
Diplomatik ritorika və hərbi xəbərdarlıq
Yanvarın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İran silahlı qüvvələri ölkəyə qarşı istənilən təcavüzə “dərhal və güclü” cavab verməyə hazırdır. Bununla yanaşı, həm Əraqçi, həm də Məclisin sədri Məhəmməd Baqir Qalibaf bildirirlər ki, Tehran danışıqlara açıqdır. Lakin eyni zamanda vurğulayırlar ki, “Vaşinqton ədalətli razılaşmada maraqlı deyil”.
İranın ali rəhbəri, 86 yaşlı ayətullah Əli Xamenei son günlər ABŞ ilə bağlı proseslərə açıq şəkildə münasibət bildirməsə də, onun yaxın ətrafından sızan məlumatlar Tehranın mövqeyinin son dərəcə sərt olduğunu göstərir. Xameneiyə yaxın mənbələrin sözlərinə görə, ali rəhbər Vaşinqtonun irəli sürdüyü tələblərə “son dərəcə skeptik” yanaşır və onların qəbul edilməsinə qəti şəkildə qarşı çıxır.
Mənbələr bildirir ki, Xamenei ABŞ-nin tələblərini sadəcə nüvə proqramı və raket arsenalı ilə bağlı texniki şərtlər kimi deyil, İslam Respublikasının süqutuna aparan ilk siyasi addım kimi dəyərləndirir. İran rəhbərliyində belə bir qənaət formalaşıb ki, bu güzəştlər qəbul edilərsə, növbəti mərhələdə Vaşinqton rejimin legitimliyini və hakimiyyətin özünü hədəfə alacaq.
Bu mövqeni İran hakimiyyətinə yaxın rəsmi fiqurlar da açıq şəkildə səsləndirirlər. Yanvarın 29-da İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın baş müşaviri Mehdi Məhəmmədi dövlət televiziyasında çıxışı zamanı bildirib ki, ABŞ-ın irəli sürdüyü şərtlər “İran üçün tamamilə qəbuledilməzdir və ölkənin məğlubiyyətinə aparır”.
Onun sözlərinə görə, Vaşinqtonun tələbləri razılaşma deyil, kapitulyasiya mahiyyəti daşıyır və Tehran belə bir ssenarini qəbul etməyəcək.
Rasim Əliyev
“AzPolitika.info”