Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-İran qarşıdurması beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi genişləndirmək qərarı iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.
“Reuters” agentliyinin bu gün yaydığı xəbərə görə, ABŞ Maliyyə naziri Skott Bessent İranın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədilə yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb. ABŞ administrasiyası İranla ticarət əlaqələrini davam etdirən ölkələrə də xəbərdarlıq edib. Vaşinqton bildirir ki, İranla biznes əlaqələrini kəsməyən tərəflər dollar əsaslı maliyyə sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilərlər.
ABŞ Maliyyə Nazirliyi yeni tədbirlər çərçivəsində 60 fiziki şəxs, şirkət və gəmini sanksiya siyahısına daxil edib. Bununla belə, mənbə qeyd edir ki, İranın neft ticarətinə yardım göstərməkdə şübhəli bilinən bəzi Çin maliyyə qurumları yeni siyahıda yer almayıb.
Tehran isə Vaşinqtonun yeni addımlarına sərt reaksiya verib. İran rəsmiləri sanksiyalara cavab veriləcəyini bildirir və ABŞ-ın iqtisadi təzyiq siyasətinin ölkənin mövqeyini dəyişməyəcəyini vurğulayırlar. İranın iqtisadiyyat naziri Əli Mədənizadə ölkəsinin yeni sanksiyalara tam hazır olduğunu açıqlayıb.
Gərginlik dünya enerji bazarlarında da diqqətlə izlənilir. Agentliyin digər məlumatına görə, neft qiymətləri əvvəlki sessiyada 2 faizdən çox ucuzlaşdıqdan sonra çərşənbə axşamı müəyyən qədər sabitləşib. Brent markalı neftin qiyməti səhər saatlarında 0,3 faiz artaraq bir barel üçün 92,44 dollara, ABŞ-ın WTI markalı nefti isə 0,4 faiz artaraq 85,38 dollara yüksəlib.
Mənbə bildirir ki, investorlar əsasən yeni ABŞ sanksiyalarının İranın neft ixracına və qlobal enerji təchizatına təsirini qiymətləndirirlər. İran ətrafında vəziyyətin kəskinləşməsi xüsusilə Hörmüz boğazı ilə bağlı riskləri gündəmə gətirir. Bu marşrut dünya neft daşımaları baxımından strateji əhəmiyyət daşıyır.
N.Adilqızı
XQ