Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ vitse-prezidenti Cey Di Vens “The New York Post” qəzetinə müsahibəsində bildirib ki, Vaşinqton və Tehran arasındakı münaqişə yaxın aylarda yeni mərhələyə qədəm qoyacaq.
Vensin sözlərinə görə, münaqişənin inkişafını iki mərhələyə bölmək olar: “Birinci mərhələ İranın nüvə proqramının və adi silahlı qüvvələrinin məhv edilməsini, həmçinin ölkənin bir neçə il əvvəl malik olduğu güc proyeksiyası imkanlarının aradan qaldırılmasını əhatə edib. İkinci mərhələnin əsas məqsədi isə “qlobal sabitliyi mümkün qədər qorumaq” və İranın yenidən güclənməsinə imkan verməməkdən ibarətdir”.
Bəs bu açıqlamanı necə anlamaq olar - hərbi eskalasiyanın artması, yoxsa diplomatik prosesə keçid ehtimalı? Bakı hansı ssenarilərə hazır olmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a bildirib ki, ABŞ strateji məğlub vəziyyətində olduğu üçün Vensin fikirlərini birmənalı qəbul etmək çətindir: “ABŞ vitse-prezidenti özü də “gələcəyi proqnozlaşdıra bilmərik” ifadəsini vurğulamaqla növbəti mərhələnin hərbi, yoxsa diplomatik müstəvidə inkişafına birmənalı fikir bildirməyib. “Birinci mərhələdə “İranın nüvə proqramının məhv edilməsi” fikri isə inandırıcı deyil, çünki indiyədək nə MAQATE, nə İran belə bir faktı təsdiqləyib. Əksinə, İran nüvənin zənginləşməsi prosesini davam etdirəcəyini bildirib”.
Onun sözlərinə görə, yaxın aylarda yeni mərhələ olacaqsa, bu, noyabr seçkilərindən sonra mümkün ola bilər: “Nəzərə alsaq ki, Trampın nüfuzu həddindən artıq aşağıdır və seçkilərdə demokratların üstünlük əldə etməsi artıq şübhə yaratmır, o zaman “ikinci mərhələnin” başlanması hələlik sual altındadır. Trampa qarşı impiçment məsələsi də gündəmə gələ bilər. Senatın belə bir prosesə başlamaması üçün bəlkə də Tramp seçkilərdən sonra İrana qarşı konkret addımlar ata bilər və bu daha çox hərbi müstəvidə gözlənilir, çünki İran yalnız onun şərtləri yerinə yetirildikdən sonra danışıqlara gedəcəyini bildirib”.
İ.İsmayılın qənaətinə görə, ABŞ həqiqətən “qlobal təhlükəsizliyin qorunması” məqsədilə İranı Hörmüz boğazı iddiasından çəkindirə və uranın zənginləşməsi prosesinə nəzarəti həyata keçirə bilməsə və İran özünü hazırda olduğu kimi “qalib, güclü İran” kimi hesab edərsə, bu Yaxın Şərq, eyni zamanda, Cənubi Qafqazda geosiyasi balansı poza bilər:
“O zaman İran və Rusiya tandemi bölgə üçün təhlükəli faktora çevriləcək. Hər iki ölkə üçün Cənubi Qafqaz, İran üçün isə xüsusi olaraq Azərbaycan təzyiq hədəfinə çevriləcək. Bu vəziyyət molla rejiminə ikinci güc verəcək və Azərbaycanda onsuz da az olmayan İran təəssübkeşlərinin fəallaşmasına, yenidən islam fundamentalizmi ideyalarının təbliğinə yol açacaq. Azərbaycanın təhlükəsizliyinə risklər bu istiqamətdədir. Hesab edirəm ki, belə bir mümkün prosesin yarada biləcəyi təhlükələri Azərbaycan mütləq nəzərə alacaq”.