ABŞ İrana dəqiq zərbələr endirməyi nəzərdən keçirir

27.01.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ etiraz aksiyalarının iştirakçılarının ölümündə əli olan İran rəsmiləri və komandirlərini hədəf alan dəqiq hücumlar etmək imkanını nəzərdən keçirir".

Redaktor.az xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri Fars körfəzi ölkələrindən birindəki mənbəsinə istinadən məlumat yayıb.

Xəbərə görə, Birləşmiş Ştatlar İslam Respublikasına bu həftənin əvvəlində hücum edə bilər, lakin zərbələrin konkret vaxtı hələ də müzakirə olunur.

İddiaya görə, ABŞ Administrasiyası daxilində İranın mümkün cavabı ilə bağlı xaotik müzakirələr gedir.

ABŞ-nin adı açıqlanmayan keçmiş kəşfiyyat rəsmisi administrasiyadakı danışıqlara əsaslanaraq nəşrə bildirib ki, Donald Tramp İranda rejim dəyişikliyi istəyindən əl çəkməyib.

ABŞ lideri daha əvvəl "Axios"a verdiyi müsahibədə İran yaxınlığında böyük qüvvələr topladıqlarını və eyni zamanda Tehranın dialoqa, Vaşinqtonla potensial razılaşmalara hazır olduğuna əminliyini bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai isə ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izlədiklərini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər görüldüyünü bəyan edib.

Yanvarın 23-də Tramp ABŞ-nin İranı izlədiyini və bölgəyə əhəmiyyətli qüvvələr yerləşdirdiyini də açıqlayıb. Ağ Ev rəhbəri bu istiqamətdə çoxlu gəminin, böyük bir donanmanın hərəkət etdiyini bildirib. O, əvvəllər İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью