“ABŞ İrana kütləvi hücum edəcək, Xamenei hədəfə alınacaq”

27.01.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Yaxın Şərqdə yerləşən hərbi bazalarında İranın raket zərbələrindən qorunmaq üçün Patriot zenit-raket kompleksləri və THAAD raket əleyhinə müdafiə sistemləri yerləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə The Economist nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırda bölgədə ABŞ-ın hərbi qruplaşması ciddi şəkildə gücləndirilib. “Aviadaşıyıcı gəmi, qırıcı təyyarələr, Patriot və THAAD kompleksləri, yanacaq dolduran təyyarələr və logistika mərkəzləri artıq öz mövqelərindədir”, – deyə məqalədə qeyd olunur.

Aviasiya monitorinq resursları Flightradar24 və ADS-B Exchange məlumatlarına əsasən, ötən həftə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III hərbi-nəqliyyat təyyarələri Texas ştatındakı Robert Qrey aviabazasından Yaxın Şərqə yüklər daşıyıb. Bu aerodrom ABŞ ordusunun hava hücumundan müdafiə bölmələri tərəfindən də istifadə olunur. Fort-Kavasos bazasında isə Patriot və THAAD sistemləri ilə təchiz olunmuş 62-ci Hava Hücumundan Müdafiə Artilleriya Alayı yerləşir.

Son üç gün ərzində ABŞ nəqliyyat təyyarələri ümumilikdə altı reys həyata keçirib. Yüklərin bir hissəsi Küveytdəki Əli Əl-Salem bazasına, bir reys isə Səudiyyə Ərəbistanındakı Prins Sultan aviabazasına çatdırılıb.

Bununla yanaşı, The Economist bildirir ki, ABŞ prezidenti Donald Tramp hələ İrana zərbə endirilməsi ilə bağlı yekun qərar verməyib. Lakin Körfəz ölkələrinin bəzi rəsmiləri ilə qeyri-rəsmi söhbətlərdə kütləvi hücumun mümkünlüyü və onun İranın siyasi rəhbərliyini hədəf ala biləcəyi ehtimalı səsləndirilir.

İran tərəfi isə vəziyyətdən ciddi narahatlığını gizlətmir. Rəsmi Tehran ABŞ-a xəbərdarlıq edərək bildirib ki, hər hansı hücum “total müharibə” kimi qiymətləndiriləcək. Bu isə cavab tədbirlərinin əvvəlki kimi məhdud raket zərbələri ilə kifayətlənməyəcəyini göstərə bilər. Xatırladaq ki, ötən ilin iyununda İran Qətərdə yerləşən Əl-Udeyd aviabazasını raket atəşinə tutmuşdu.

Middle East Eye nəşri isə məlumatlı mənbəyə istinadən yazır ki, ABŞ yüksək rütbəli iranlı rəsmilər və hərbi komandirlərə qarşı nöqtəvi zərbələr planlaşdırır. Onlar son kütləvi etirazlar zamanı nümayişçilərin ölümü ilə əlaqəli hesab olunur. Mənbənin sözlərinə görə, bu zərbələr artıq cari həftə ərzində həyata keçirilə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью