Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumundan qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə danışıb.
Prezident bildirib ki, ABŞ-ın bölgəyə göndərdiyi qüvvələr əsasən ehtiyat tədbiri xarakteri daşıyır: “Biz İranı izləyirik. Böyük bir qüvvə o istiqamətə gedir. Ümid edirəm, ondan istifadə etməyə ehtiyac qalmaz”, - deyə o qeyd edib.
ABŞ mediasının məlumatına görə, “USS Abraham Lincoln” aviadaşıyıcısı və ona bağlı zərbə qrupu Cənubi Çin dənizindəki təlimlərdən sonra Yaxın Şərqə yönləndirilib. Bu addım Vaşinqtonun bölgədə hərbi mövcudluğunu artırmasının növbəti mərhələsi kimi qiymətləndirilir.
Tramp eyni zamanda bildirib ki, Tehran nüvə proqramını yenidən bərpa edərsə, ABŞ cavabsız qalmayacaq. O, 2025-ci ilin iyun ayında ABŞ-ın İsraillə birlikdə İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrini xatırladıb.
İran isə sərt mövqe nümayiş etdirib. Xarici işlər naziri Abbas Araqçi “Wall Street Journal” qəzetində dərc olunan məqaləsində ABŞ-a xəbərdarlıq edərək bildirib ki, İrana qarşı yeni hücum olarsa, Tehran “bütün imkanları ilə cavab verəcək”. Onun sözlərinə görə, genişmiqyaslı münaqişə təkcə regionu deyil, bütün dünyanı təhlükə altına sala bilər.
Qadir, Bizimyol.info