ABŞ İrana yenidən zərbə endirəcək? 48 milyardlıq xərcin PƏRDƏARXASI

20.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pentaqonun büdcə üzrə sözçüsü Artur Miller bildirib ki, İrana qarşı əməliyyat ABŞ-yə 48,3 milyard dollara başa gəlib. O, həmçinin Amerika hərbi obyektlərinə dəyən ziyanın qiymtələndirməsinin açıqlanmadığını da bildirib.

48 milyardlıq xərc ABŞ-nin Yaxın Şərq siyasətini dəyişə bilərmi? Bu xərc ABŞ-ni yeni müharibədən çəkindirəcək, yoxsa daha sərt addımlara vadar edəcək? Amerika bazalarına dəyən ziyan niyə gizlədilir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Şahin Cəfərli bildirib ki, 48 milyard dollar böyük məbləğ olsa da, ABŞ-nin hərbi büdcəsi üçün fantastik rəqəm deyil.

Onun sözlərinə görə, ABŞ-nin növbəti maliyyə ili üçün təqdim olunan hərbi büdcə layihəsi 1 trilyon 100 milyard dollardır:

"Əvvəlki büdcə də 900 milyard dollardan çox olub. Bu baxımdan 48-50 milyard ABŞ üçün çox da mürəkkəb rəqəm deyil. Lazım olanda bundan daha artığını da ödəyə bilər. Yəni, Tramp hökuməti üçün əsas problem pul deyil, Amerika cəmiyyətində İranla müharibənin qeyri-populyar olmasıdır. Amerika xalqı bu müharibəni dəstəkləmir. Son Konqres seçkilərində respublikaçıların məğlubiyyətində bu amilin çox ciddi rolu oldu. İranla müharibə, yanacaq qiymətlərinin qalxması, bahalaşma və inflyasiya hakim partiyanın məğlubiyyətinə gətirib çıxardı".

Şahin Cəfərli: Yanvara qədər İrana qarşı yeni bir qısamüddətli hərbi əməliyyat həyata keçirilə bilər

Politoloq bildirib ki, bu baxımdan Tramp çox gözəl bilir ki, xalq və onun öz partiyası daxilində də bu müharibəni dəstəkləmirlər. İsrail hökuməti isə Trampı İrana qarşı yeni zərbələrə tələsdirir, Tramp isə tərəddüd edir. Bütün hallarda yeni hərbi əməliyyat ehtimalı hələ tam aradan qalxmayıb.

"ABŞ və İsrailin İrana qarşı yenidən qısamüddətli bombardmanlar keçirməsi ehtimalı var. Bunun üçün Konqresin yeni tərkibinin işə başlayacağı 2027-ci ilin yanvarına qədər Tramp üçün bir fürsət pəncərəsi var. Yəni, yanvara qədər İrana qarşı yeni bir qısamüddətli hərbi əməliyyat həyata keçirilə bilər, amma bu qərarı vermək Tramp üçün asan olmayacaq", - müsahibimiz vurğulayıb.

Şahin Cəfərli sonda əlavə edib ki, əgər ABŞ kəşfiyyatı Trampa İranın yenidən nüvə obyektlərində fəaliyyətini genişləndirdiyi və nüvə silahı yaratmağa çalışdığı barədə məlumat versə, İrana qarşı yeni zərbələr endirilməsi mümkün ola bilər.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью