Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hörmüz boğazında İran qüvvələri və ABŞ hərbçiləri arasında baş verən qarşılıqlı zərbələrə görə Tehran Vaşinqtonla iyunun 28-nə planlaşdırılan texniki danışıqları ləğv edib.
Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, ABŞ və İran arasında qeyri-müəyyənlik davam etməkdədir.
Onun fikrincə, hər iki tərəf genişmiqyaslı eskalasiyadan yayınmağa çalışır:
"Amma zaman-zaman müəyyən təxribatlara qarşı əks tərəfin zərbələrini də izləyirik. Lakin bu zərbələr tərəflərdən heç birinin sülh sazişi istiqamətində konkret mövqe ortaya qoymasına imkan yaratmır. Başqa sözlə desək, İran tam məğlub olmayıb, ABŞ da mütləq qələbə əldə etməyib. Buna görə də hər iki tərəf özünü bu müharibədən qalib çıxmış kimi təqdim etməyə çalışır".
Ekspertin sözlərinə görə, yaxın perspektivdə bu müharibənin hər iki tərəfin maraqlarına uyğun şəkildə başa çatması gözlənilmir:
"Tərəflərdən mütləq biri itkilərlə razılaşmalıdır. Bu razılaşma isə yalnız tərəflərdən birinin məğlubiyyətini qəbul etməsindən sonra mümkün olacaq. Odur ki, yaxın perspektivdə qeyri-müəyyənlik davam edəcək. Qarşılıqlı zərbələri yenə də izləyəcəyik. ABŞ İranı, İran da qonşularını vuracaq, İsrail isə Hizbullah və HƏMAS-a qarşı əməliyyatlarını davam etdirəcək".
Aytəkin TOFİQQIZI