Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-nin hərbi gəmilərdən ibarət "armadası" İrana doğru istiqamət alıb.
Bəs gedişat necə ola bilər?
Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, ABŞ ilə İran arasında mövcud olan problemlər uzun illərdir ki, məntiqi həllini tapmır:
"ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramının qeyri-müəyyən şəkildə davam etməsinin əleyhinədir. Hesab edirəm ki, İsrailin təkidli xahişlərini nəzərə alan ABŞ İran ətrafında zəruri olan zərbə qruplaşmasını cəmləşdirdikdən sonra bu və ya digər bir bəhanə altında İranın bəzi nüvə və hərbi obyektlərinə zərbələr endirəcək. Bu, sadəcə zaman məsələsidir".
Müsahibimiz vurğuladı ki, Venesuela, Kuba və Kolumbiya ilə problemləri ardıcıl həll etmək istəyən ABŞ qoşunlarının böyük bir hissəsini Karib dənizinə aparmışdı:
"Buna görə də etiraz aksiyaları baş verən günlərdə ABŞ İrana zərbə endirməkdən çəkindi. İndi həmin Venesuela problemi ABŞ üçün artıq həll olunmuş sayılır, lakin Kuba ilə Kolumbiya məsələsi daha sonrakı mərhələyə saxlanıldı və qoşunlar hazırda İran ətrafında konsentrasiyanı formalaşdırırlar. Yəqin ki, hava hücumundan müdafiə və digər vacib məsələlər həll olunduqdan sonra ABŞ təyyarələri İrana zərbələr endirəcək".
Aytəkin TOFİQQIZI