Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyasının 30 sentyabr 2026-cı ildə başa çatması Yaxın Şərqdə mühüm siyasi mərhələdir. 2014-cü ildən İŞİD-ə qarşı fəaliyyət göstərən koalisiya qüvvələrinin çıxması ilə İraqın təhlükəsizliyinə əsas məsuliyyət ölkənin öz qüvvələrinin üzərinə keçir.
Bağdad bunu dövlət suverenliyinin möhkəmləndirilməsi kimi təqdim edir. Lakin hərbi missiyanın başa çatması ABŞ-İraq təhlükəsizlik münasibətlərinin tamamilə kəsilməsi demək deyil; əməkdaşlığın təlim, kəşfiyyat və digər ikitərəfli mexanizmlər üzərindən davam etməsi nəzərdə tutulur.
Əsas suallardan biri ABŞ qüvvələrinin çıxmasından sonra İraqdakı güc balansının necə dəyişəcəyidir. İran uzun illərdir İraqda həm siyasi qüvvələrlə, həm də Tehrana yaxın silahlı qruplarla əlaqələrə malikdir. ABŞ hərbi mövcudluğu həmin təsiri müəyyən mənada məhdudlaşdıran amillərdən biri hesab edilirdi. Buna görə də koalisiya qüvvələrinin çıxması İranla əlaqəli qüvvələr üçün daha geniş fəaliyyət sahəsi yarada bilər. “Reuters”in məlumatına görə, ABŞ qüvvələrinin çıxması İraqda İranın müttəfiqi olan silahlı qrupların mövqelərinin güclənməsi ilə bağlı narahatlıqları da artırıb.
Ancaq ABŞ-nin yerini avtomatik olaraq İranın tutacağını söyləmək prosesin mürəkkəbliyini nəzərə almazdı. Bağdadın qarşısında duran əsas məsələ xarici qüvvələrin rəqabətini birinin digərini əvəz etməsi formasında deyil, dövlət institutlarının gücləndirilməsi yolu ilə idarə etməkdir. İraq hökuməti silahların dövlət nəzarətindən kənarda qalması problemini həll etməyə çalışır və baş nazir silahlı qrupların tərksilahı üçün 30 iyun 2027-ci ilədək yol xəritəsi müəyyənləşdirildiyini açıqlayıb. Bu prosesin nəticəsi İraq dövlətinin real suverenliyinin mühüm göstəricilərindən biri olacaq.
Digər təhlükəsizlik problemi İŞİD faktorudur. Təşkilat əvvəlki kimi böyük ərazilərə nəzarət edən struktur olmasa da, onun qalıqlarının yenidən fəallaşması ehtimalı tam aradan qalxmayıb. ABŞ və koalisiya qüvvələrinin İraq təhlükəsizlik qüvvələrinə verdiyi kəşfiyyat, təlim və əməliyyat dəstəyi uzun müddət terrorla mübarizənin mühüm hissəsini təşkil edib. İndi Bağdad öz təhlükəsizlik institutlarının bu funksiyaları nə dərəcədə müstəqil yerinə yetirə biləcəyini nümayiş etdirməlidir. Böyük Britaniya hökuməti də missiyanın başa çatmasını İraq təhlükəsizlik qüvvələri və peşmərgənin ölkənin təhlükəsizliyi üçün əsas məsuliyyəti üzərinə götürəcəyi yeni mərhələ kimi təqdim edir.
Proses ABŞ-nin Yaxın Şərq siyasəti baxımından da əhəmiyyətlidir. Vaşinqtonun hərbi qüvvələrini çıxarması İraqdan siyasi baxımdan tamamilə uzaqlaşması anlamına gəlmir. Hələ 2024-cü ildə razılaşdırılmış keçid planında koalisiya missiyasından ikitərəfli təhlükəsizlik tərəfdaşlığına keçid nəzərdə tutulurdu. Bu model ABŞ-a böyük hərbi kontingent saxlamadan Bağdadla müdafiə və terrorla mübarizə sahəsində əməkdaşlığı davam etdirmək imkanı verir. Buna görə prosesə ABŞ-nin İraqdan tam çıxması qədər, Vaşinqtonun təsir vasitələrinin hərbi mövcudluqdan daha məhdud və ikitərəfli mexanizmlərə keçirilməsi kimi də baxmaq olar.
Nəticədə İraq qarşıdakı dövrdə iki paralel sınaqla üzləşəcək: bir tərəfdən İŞİD-in yenidən təşkilatlanmasının qarşısını almaq, digər tərəfdən isə dövlət nəzarətindən kənardakı silahlı strukturlar üzərində hakimiyyətini gücləndirmək. İran bu yeni şəraitdə təsir imkanlarını genişləndirməyə çalışa bilər, lakin bunun hansı miqyasda baş verəcəyi ilk növbədə Bağdadın öz institutlarının gücündən asılı olacaq. Əgər İraq dövləti təhlükəsizlik üzərində real inhisar yarada bilsə, koalisiyanın çıxması suverenliyin möhkəmlənməsi ilə nəticələnə bilər; əks halda xarici hərbi mövcudluğun azalması ölkədaxili və regional qüvvələr arasında rəqabət üçün daha geniş məkan aça bilər. Bu səbəbdən 30 sentyabr İraq üçün yalnız xarici qüvvələrin çıxış tarixi deyil, həm də dövlətin öz təhlükəsizliyini nə dərəcədə müstəqil idarə edə biləcəyinin yeni sınağının başlanğıcıdır.
Ruslan Zəngəzur