ABŞ İraqdan geri çəkilir, Kuba önə çıxır Açıqlama

14.08.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin İraqdan hərbi qüvvələrini çıxarmaq qərarı və eyni zamanda Kuba ilə bağlı hərbi müdaxilə variantının müzakirə olunması Vaşinqtonun xarici siyasətində mümkün dəyişiklikləri yenidən gündəmə gətirib. Bir tərəfdən Yaxın Şərqdə hərbi iştirakın azaldılması, digər tərəfdən isə Latın Amerikasında hərbi müdaxilə ehtimalının müzakirəyə çıxarılması ABŞ-nin qlobal hərbi strategiyasının hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suallar doğurur.
ABŞ-nin İraqdan çıxması Yaxın Şərqdəki hərbi iştirakın azalması kimi qiymətləndirilə bilərmi? Kuba ilə bağlı hərbi müdaxilə variantının gündəmə gəlməsi Vaşinqtonun xarici siyasətində yeni prioritetlərin formalaşdığını göstərirmi? ABŞ-nin növbəti əsas hədəfi hansı istiqamət ola bilər və bu siyasət Yaxın Şərq, Latın Amerikası və digər regionlarda qüvvələr nisbətinə necə təsir göstərə bilər?
Politoloq Oqtay Qasımov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının xarici siyasətində, daha doğrusu, xarici siyasət strategiyasında hazırda hansısa köklü dəyişikliklərin olduğunu söyləmək çətindir.

Onun sözlərinə görə, ABŞ-nin xarici siyasəti əsasən ötən ilin noyabrında qəbul olunmuş Milli Təhlükəsizlik Strategiyasının əsas müddəaları çərçivəsində həyata keçirilir:
“Bu strategiyada ABŞ-nin milli maraqlarının qorunması, qlobal və regional təsir imkanlarının saxlanılması, təhlükəsizlik məsələləri və strateji rəqiblərlə münasibətlər əsas istiqamətlər kimi önə çıxır. Amerika qoşunlarının İraqdan çıxarılması məsələsinə gəldikdə isə bunu ABŞ-nin bütövlükdə Yaxın Şərqdən və ya regiondan çəkilməsi kimi qiymətləndirmək doğru olmaz. ABŞ-nin bölgədə hərbi və strateji baxımdan kifayət qədər geniş imkanları mövcuddur. Müxtəlif hərbi bazalar və hərbi obyektlər vasitəsilə regionda öz mövcudluğunu qoruyur və bu imkanlar ABŞ-yə həm təhlükəsizlik, həm də geosiyasi baxımdan mühüm üstünlüklər verir. İraq məsələsində də nəzərə almaq lazımdır ki, ABŞ qoşunlarının müəyyən hissəsi artıq əvvəlki dövrlərdə ölkədən çıxarılıb. İraqda daha çox kiçik hərbi bazalar və mobil kontingentlərin fəaliyyəti ilə bağlı məsələlər gündəmdə olub. Hazırda onların çıxarılması barədə müxtəlif məlumatlar səslənir. Lakin bunu ABŞ-nin regiondakı hərbi iştirakının tamamilə başa çatması kimi qiymətləndirmək düzgün deyil. Çünki Vaşinqton üçün Yaxın Şərq həm enerji təhlükəsizliyi, həm regional sabitlik, həm də digər geosiyasi maraqlar baxımından mühüm əhəmiyyət daşıyır.
Kubaya gəldikdə isə, bu mövzu Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin xarici siyasət gündəmində daha çox müzakirə olunan məsələlərdən biridir. Tramp administrasiyasının siyasətində Qərb yarımkürəsində ABŞ-nin təsir imkanlarının gücləndirilməsi istiqamətində yanaşmalar ön plana çıxır. Bunu müəyyən mənada ABŞ-nin tarixi Monro doktrinasına daha sərt şəkildə qayıtması kimi də qiymətləndirmək olar. Burada məqsəd ABŞ-nin Qərb yarımkürəsində geosiyasi təsirini mümkün qədər gücləndirməkdir. Venesuela, Panama Kanalı, Kuba və Qrenlandiya kimi məsələlərə Vaşinqtonun yanaşması da bu ümumi strategiya kontekstində qiymətləndirilə bilər. ABŞ üçün bu ərazilər həm geosiyasi, həm təhlükəsizlik, həm də iqtisadi və strateji baxımdan əhəmiyyətlidir. Xüsusilə Panama Kanalının əhəmiyyəti böyükdür. Bu kanal dünya ticarətində mühüm nəqliyyat dəhlizlərindən biridir. ABŞ üçün onun təhlükəsizliyi və fəaliyyətinə təsir imkanlarının qorunması strateji məsələdir. Kuba isə coğrafi mövqeyinə görə ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Qrenlandiya məsələsində də Arktika regionunun getdikcə daha böyük strateji əhəmiyyət qazanması nəzərə alınmalıdır. Əgər ABŞ Qərb yarımkürəsində təsir imkanlarını daha da gücləndirə bilsə, bu, Vaşinqtonun həmin regionda dominant mövqeyini möhkəmləndirə bilər. Bu baxımdan Kuba məsələsi də yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, ABŞ-nin daha geniş regional strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
Dünyanın digər hissələrində, xüsusilə Şərq yarımkürəsində isə ABŞ öz siyasətində müəyyən korrektələr edə bilər. Burada əsas istiqamətlərdən biri Hind-Sakit okean regionudur. Çinlə rəqabət, Asiya-Sakit okean hövzəsində təhlükəsizlik, dəniz yollarının qorunması və müttəfiqlərlə əməkdaşlığın gücləndirilməsi ABŞ-nin xarici siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Eyni zamanda Avroatlantik məkan da ABŞ-nin strateji maraq dairəsindədir. NATO ilə münasibətlər, Avropanın təhlükəsizliyi və Rusiyanın regiondakı fəaliyyəti Vaşinqtonun xarici siyasətində mühüm yer tutur. Buna görə də ABŞ-nin bir regionda hərbi iştirakını azaltmasını onun qlobal səviyyədə mövqelərindən geri çəkilməsi kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, burada daha çox resursların və diqqətin müxtəlif regionlar arasında yenidən bölüşdürülməsi strategiyasından danışmaq mümkündür. ABŞ müəyyən ərazilərdə hərbi iştirakını azalda, lakin eyni zamanda başqa regionlarda diplomatik, iqtisadi və hərbi imkanlarını gücləndirə bilər. Yəni ümumi mənzərəyə baxdıqda, ABŞ-nin xarici siyasətində hələlik köklü dəyişikliklər görünmür. Daha çox mövcud strategiyanın yeni geosiyasi reallıqlara uyğunlaşdırılması və müəyyən istiqamətlərdə korrektə edilməsi müşahidə olunur.
ABŞ həm Qərb yarımkürəsində təsir imkanlarını qorumağa, həm Hind-Sakit okean regionunda mövqelərini gücləndirməyə, həm də Avroatlantik məkandakı strateji maraqlarını təmin etməyə çalışır. Bu baxımdan ayrı-ayrı ölkələrdən və ya hərbi bazalardan qoşunların çıxarılması prosesini ABŞ-nin qlobal siyasətdən geri çəkilməsi kimi deyil, daha geniş strateji yenidənqurma və prioritetlərin dəyişdirilməsi çərçivəsində qiymətləndirmək daha doğru olar”.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью