Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev İspaniyadan qoşunların bir hissəsinin çıxarılmasını Madridin İranla müharibə zamanı ABŞ-a öz ərazisindəki hərbi bazalardan əməliyyatlar üçün istifadə etməyə icazə verməməsinə cavab olaraq cəza tədbiri kimi nəzərdən keçirir.
Bildirilir ki, bu addım yaz aylarında Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılacağı ilə bağlı elan edilmiş planlara əlavə olacaq. Eyni zamanda, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun gələcək yenidən təşkili planlarında Almaniyanın artıq əsas diqqət mərkəzində olmayacağı gözlənilir. Bununla belə, mümkün qoşun ixtisarının Avropa üçün ümumi nəticələrinin əhəmiyyətli olacağı vurğulanır.
ABŞ-da bəzi respublikaçı konqresmenlər isə Avropadakı hərbi kontingentin azaldılması planlarını tənqid edirlər. Onlar Almaniyadan çıxarılması planlaşdırılan hərbi birləşmələrin Avropadan tamamilə geri çəkilməməsini, əvəzində regionun digər ölkələrinə yerləşdirilməsini təklif edirlər. Brüsseldəki mənbələrin bildirdiyinə görə, İspaniyadan çıxarılması nəzərdə tutulan hərbçilərlə bağlı da eyni ssenari tətbiq oluna bilər.
Xatırladaq ki, mayın 2-də ABŞ Prezidenti Donald Tramp təfərrüat açıqlamadan bildirmişdi ki, Vaşinqton Almaniyada yerləşdirilən 5 mindən çox hərbçisini xaricdən geri çəkməyi planlaşdırır. O, həmçinin ABŞ hərbçilərinin bir hissəsinin İtaliya və İspaniyadan da çıxarılmasının mümkünlüyünü istisna etməmişdi.
Bizimyol.info