“ABŞ Kanada xəttində gərginlik dərinləşir”

26.01.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Yeni dünya nizamı formalaşdırılır və ənənəvi ittifaqlar zəifləyir”

Bunu deputat Azər Badamov “Xalqcebhesi.az”-a açıqlamasında deyib.

Deputat bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklər baş verir və bu proses ənənəvi ittifaqların arxa plana keçməsi ilə müşayiət olunur:
“Yeni dünya nizamı formalaşdırılır. Formalaşdırılan bu nizamda artıq öyrəşdiyimiz ənənəvi ittifaqlardan deyil, yeni siyasi və iqtisadi əməkdaşlıq modellərindən danışırıq. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ xarici siyasətində köklü dəyişikliklər müşahidə olunur. Trampın yanaşması göstərir ki, ABŞ xarici siyasəti təkcə Avropa İttifaqı və Rusiya üzərindən qurulmur. Bu istiqamətdə əsas fokus Amerika qitəsidir.
Venesuelada baş verən proseslər, Kuba ilə münasibətlər və Trampın hakimiyyətə gələr-gəlməz Kanadaya qarşı sərt mövqe ortaya qoyması bu xəttin davam etdiyini göstərir. Qeyri-ənənəvi ittifaqlara baxsaq, Avropa Komissiyasının Hindistanla genişmiqyaslı saziş imzaladığını görürük. Eyni zamanda Kanadanın Çinlə prinsipial razılaşmaya getməsi və Çin istehsalı olan elektromobillərə tətbiq edilən gömrük rüsumunu 100 faizdən 6,1 faizə endirməsi beynəlxalq paradiqmanın köklü şəkildə dəyişdiyini təsdiqləyir”.

Deputat vurğulayıb ki, Avropa İttifaqı yeni dünya nizamının formalaşdırılmasında zəiflik nümayiş etdirir və bu səbəbdən dünyanın müxtəlif regionlarında aktivləşməyə çalışır: “ABŞ, Çin, Rusiya və Avropa İttifaqı arasında rəqabət getdikcə daha da kəskinləşir. Bununla yanaşı, yeni dünya nizamında bir sıra dövlətlər ön plana çıxır ki, Azərbaycan da bu dövlətlər sırasında yer alır.ABŞ–Kanada münasibətlərində gərginliyin yeni mərhələyə keçməsi Tramp administrasiyasının Kanadaya qarşı həm ritorikasını, həm də praktiki addımlarını daha da sərtləşdirəcəyini göstərir.Donald Trampın Kanadanın Baş naziri Mark Karniyə göndərilən ‘Sülh Şurası’na üzvlük dəvətini geri götürməsi də bunu təsdiqləyir. ABŞ maliyyə naziri Skott Bessentin Karninin addımlarının Kanada xalqının maraqlarına xidmət etmədiyini bildirməsi Danimarkanın Qrenlandiyaya nəzarət baxımından yetərsiz olması ilə bağlı irəli sürülən arqumentlərlə eynilik təşkil edir. Bu gün beynəlxalq münasibətlərdə ‘kim güclüdür, o haqlıdır’ prinsipi hər keçən gün daha da özünü göstərir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью