Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İyunun əvvəlindən iyulun ilk günlərinədək Kiberkomandanlıqda çalışan və ya qurumla sıx əməkdaşlıq edən azı beş nəfər həyatına son qoyub. Rəsmilər hadisələrin bir-biri ilə əlaqəsinin olub-olmadığını və bu faciələrin arxasında hansı amillərin dayandığını müəyyənləşdirməyə çalışırlar.
Son bir il ərzində ABŞ-ın müxtəlif xarici münaqişələrdə, o cümlədən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirakı Kiberkomandanlığın fəaliyyət yükünü əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə dövlət qurumları, hərbi şəbəkələr və kritik infrastrukturun kibertəhlükəsizliyinin təmin edilməsi, eləcə də hücum xarakterli kiberəməliyyatların planlaşdırılması və icrası şəxsi heyətin üzərinə əlavə məsuliyyət qoyub.
Mənbələrin sözlərinə görə, intensiv iş rejimi və davamlı gərginlik qurum daxilində əməkdaşların psixoloji vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Rəsmilər xüsusilə "hərbi hakerlər" adlandırılan yüksək ixtisaslı mütəxəssislərin psixi sağlamlığına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.
ABŞ Kiberkomandanlığı 2010-cu ildə yaradıldığı gündən etibarən strateji və yüksək ixtisas tələb edən vəzifələr üzrə kadr çatışmazlığı problemi ilə üzləşib. Özəl texnologiya şirkətlərinin daha yüksək əməkhaqqı təklif etməsi səbəbindən təcrübəli kibertəhlükəsizlik mütəxəssislərinin hərbi strukturlarda saxlanılması çətinləşib.
Nəticədə mövcud əməkdaşlar uzun iş saatları, yüksək məsuliyyət və fasiləsiz əməliyyat tempi ilə işləməyə məcbur qalırlar. Ekspertlər hesab edirlər ki, bu amillər uzunmüddətli dövrdə emosional tükənmə və psixoloji problemlərin yaranmasına səbəb ola bilər.
ABŞ Kiberkomandanlığı və Pentaqon hələlik "Bloomberg"in dərc etdiyi məlumatla bağlı ətraflı rəsmi açıqlama verməyib. Məlumata görə, araşdırma davam edir və hadisələrin səbəbləri ilə bağlı yekun nəticələr açıqlanmayıb.
Mütəxəssislər bildirirlər ki, agetliyin məlumatı anonim mənbələrə əsaslanır və ABŞ rəsmiləri hələlik nə intiharların sayı, nə də onların mümkün səbəbləri barədə rəsmi təsdiq və ya əlavə məlumat təqdim etməyiblər.
Bizimyol.info