Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 17-də ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb.
Görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq maraqlar, sülh, təhlükəsizlik və tərəqqiyə xidmət edən əsaslar üzərində qurulub.
Milli Məclisin Sədri Birləşmiş Ştatlar və Prezident Donald Trampın regionumuzda sülhün və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisində bununla bağlı xüsusi sessiya təşkil olunub.
Milli Məclisin Sədri Prezident İlham Əliyevin Vaşinqtona son səfərlərinin, Azərbaycan dövlət başçısının Prezident Donald Trampla görüşlərinin ikitərəfli əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd olunub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade göstərilən yüksəksəviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan parlamentinin spikerini ABŞ Konqresində görmək arzusunu dilə gətirib.
Söhbət zamanı Abraham Hamade ABŞ-Azərbaycan əlaqələrinin əhəmiyyətinə toxunaraq, hazırda münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafını qeyd edib. O, Azərbaycanın həm coğrafi mövqeyi, həm də beynəlxalq əməkdaşlıqda oynadığı rol baxımından xüsusi əhəmiyyət kəsb edən ölkə olduğunu söyləyib.
Sahibə Qafarova söhbət zamanı Prezident Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirib, Hamadenin düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinin həmmüəllifi olmasının əhəmiyyətini vurğulayıb.
XQ