Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
2028-ci ilə yönəlik siyasi mübarizə
ABŞ-da demokratların son seçkilərdə qazandığı qələbə Respublikaçılar Partiyasının siyasi mövqeləri ilə yanaşı, Donald Trampın ətrafında formalaşan MAGA (Amerikanı Yenidən Möhtəşəm Edək) və MAHA (Amerikanı Yenidən Sağlam Edək) hərəkatlarının münasibətlərinə də təsirsiz ötüşməyib.
Seçki nəticələri iki hərəkat arasında onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirərək Robert F.Kennedi Jr.-nın siyasi gələcəyi ilə bağlı suallar yaradıb. Bir vaxtlar Trampın qələbəsi naminə birləşən bu qüvvələr indi ortaq siyasi gündəliklərini qoruyub saxlamağın çətinliyi ilə üzləşirlər.
Onsuz da MAHA və MAGA arasında 2 il əvvəl qurulan siyasi ittifaq heç vaxt əsl ideoloji birlik olmağı bacarmamışdı. Daha doğrusu, qarşılıqlı maraqların üst-üstə düşdüyü, tərəflərin bir-birinə ehtiyac duyduğu siyasi əməkdaşlıq idi. Tramp Kamala Harris üzərində qələbə qazanmaq üçün yeni seçici qruplarının dəstəyinə ehtiyac duyurdu. Kennedi isə, öz növbəsində, uzun müddət müdafiə etdiyi ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və peyvənd siyasətini dövlət səviyyəsində həyata keçirmək imkanı əldə edirdi. Yəni tərəflər ideoloji yaxınlıqdan daha çox siyasi maraqlar naminə bir araya gəlmişdilər. Lakin siyasətdə maraqların üst-üstə düşməsi heç də həmişə uzunmüddətli tərəfdaşlığa zəmanət vermir. Son seçkilərin nəticələri də məhz bu reallığı üzə çıxardı.
Bəs, MAHA ilə MAGA-nı birləşdirən amillər 2028-ci il prezident seçkilərinədək bu koalisiyanı ayaqda saxlaya biləcəkmi? Nəzərə alınmalıdır ki, seçicilər artıq istiqamətlərini dəyişdiklərini göstəriblər, lakin bu, onların mütləq demokratların tərəfinə keçməsi anlamına gəlmir. Demokratlar da həmin insanların etimadını qazanmaq üçün real addımlar atmalıdırlar. Üstəlik, MAHA təkcə respublikaçı seçicilərdən ibarət deyil. Hərəkatın daxilində demokratlar və müstəqil seçicilər də var. Onları birləşdirən əsas məsələ partiya mənsubiyyətindən daha çox sağlamlıq, ərzaq təhlükəsizliyi və ətraf mühitlə bağlı narahatlıqlardır. Bu xüsusiyyət MAHA-nı həm respublikaçılar, həm də demokratlar üçün cəlbedici siyasi auditoriyaya çevirir. Kennedinin siyasi mövqeyindəki ziddiyyətlər isə ittifaqın ən zəif nöqtələrindəndir. Tanınmış demokrat ailəsindən çıxan Kennedi ultraemal olunmuş qidaların tənzimlənməsini, pestisidlərə məhdudiyyətlərin qoyulmasını və dərman şirkətlərinin peyvəndləri bazara çıxararkən daha ciddi tələblərə əməl etməsini müdafiə edir. Halbuki onun qoşulduğu Respublikaçılar Partiyasının ənənəvi iqtisadi xətti biznesə dövlət müdaxiləsinin azaldılmasına əsaslanır. Elə buna görə də respublikaçıları dəstəkləyən sənaye birliklərinin son iki ildə Konqresdə və məhkəmələrdə Kennedinin təşəbbüslərinə qarşı çıxması təsadüf sayılmamalıdır.
***
Həmin ziddiyyətlər ittifaqın ilk günlərindən özünü göstərib. Respublikaçıların bir qismi Kennedinin peyvənd təqviminin azaldılması təşəbbüsünü dəstəkləsə də, digərləri buna qarşı çıxıb. Qida məhsullarında istifadə olunan boyaq maddələri və pestisidlərlə bağlı planlar da eyni müqavimətlə üzləşib. Hətta bəzi respublikaçıların Ağ Evə təzyiq göstərərək bu təşəbbüslərin miqyasını daraltmağa nail olması MAHA tərəfdarlarının narazılığını daha da artırıb. Fevral ayında Trampın qlifosatı qoruyan sərəncam imzalaması isə vəziyyəti daha da gərginləşdirib. Ardınca Səhiyyə Nazirliyindəki yeni təyinatlar ətrafında mübahisələr yaranıb. Xüsusilə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Erika Şvartsın peyvəndlərə Kennedi qədər skeptik yanaşmaması hərəkat daxilində suallar doğurub. Kennedinin COVID-19-a qarşı istifadə edilən mRNA peyvəndlərini bazardan çıxarmaması tərəfdarlarının gözləntilərinin doğrulmadığını göstərən amillərdən biri olub.
Respublikaçıların zəifləyən mövqeyi də demokratlar üçün yeni siyasi imkan yaradıb. Lakin demokratların MAHA ilə bağlı vahid strategiyası yoxdur. Bir qrup şəxs hərəkatın tərəfdarlarını öz sıralarına cəlb etmək niyyətindədir. Digərləri isə Kennedini siyasi mübarizənin əsas hədəfinə çevirməyə hazırlaşır. Çünki ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və kimyəvi maddələrin insan sağlamlığına təsiri kimi məsələlərdə MAHA ilə demokratların mövqeləri arasında müəyyən ortaq nöqtələr var. Miçiqan ştatında senatorluq qazanan Əbdul Əl-Sayedin seçki kampaniyası da bunun nümunələrindən biri hesab oluna bilər. O, respublikaçıların keçmiş konqresmeni Mayk Rocersi məğlub edərək, ərzaq təhlükəsizliyi və ətraf mühitdəki kimyəvi maddələrlə bağlı narahatlıqları əhatə edən “Daha sağlam Amerika qurmaq” proqramı ilə çıxış etmişdi.
Demokratların digər qanadı isə Kennedi ilə əməkdaşlıq etmək əvəzinə, onu siyasi məsuliyyətə cəlb etməyə üstünlük verir. Bu qrup üçün əsas məsələ onun peyvəndlərin təhlükəsizliyi ilə bağlı şübhələr yaratmasıdır. Onlar Konqresdə dinləmələr keçirməyi, Kennedi və əməkdaşlarını ifadə verməyə çağırmağı, hətta impiçment proseduruna başlamağı müzakirə edirlər. Göründüyü kimi, Kennedinin qarşısında respublikaçıların daxilindəki fikir ayrılıqlarından əlavə, demokratların artan siyasi təzyiqi dayanır. Onun istefa verə biləcəyi ilə bağlı yayılan şayiələr də mövcud mənzərənin bir hissəsidir. Hələlik Kennedi ölkə üzrə səfərlərini davam etdirir. Onun Şimali Dakotada respublikaçı senator Kevin Kramer və yerli hindu tayfalarının nümayəndələri ilə bərpaedici kənd təsərrüfatı məsələsini müzakirə etməsi planlaşdırılır.
Nəzrin ELDARQIZI
XQ