Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti 2-1 səs nisbəti ilə qərar qəbul edib. Məhkəmə bildirib ki, Ağ Evin Şərq qanadının yerində 90 min kvadratfut (təxminən 8,4 min kvadratmetr) sahəsi olan yeni tikilinin inşasına prezidentin təkbaşına qərar vermək səlahiyyəti yoxdur.
Qərarda qeyd olunub ki, belə bir obyektin tikilib-tikilməməsinə Konqres qərar verməlidir. Məhkəmə qərarın icrasını iki həftəlik dayandıraraq administrasiyaya ABŞ Ali Məhkəməsinə müraciət etmək imkanı verib.
Tramp qərarı “ədalətsiz” və “siyasi motivli” adlandıraraq Ali Məhkəməyə şikayət verəcəyini bildirib. O, layihənin milli təhlükəsizlik baxımından vacib olduğunu və kompleksdə bomba sığınacaqları, xəstəxana, tibbi və digər xüsusi təhlükəsizlik obyektlərinin nəzərdə tutulduğunu deyib.
Administrasiya tikintinin Konqresin ayrıca icazəsi olmadan mümkün olduğunu müdafiə edir. Tramp layihənin xərclərini özünün və varlı donorların, eləcə də şirkətlərin maliyyələşdirdiyini bildirib. Bununla belə, administrasiyanın ziyafət zalı üçün Konqresdən istədiyi 1 milyard dollarlıq vəsait may ayında təsdiqlənməyib.
Layihəyə qarşı məhkəməyə müraciət edən Milli Tarixi Qoruma Fondu qərarı alqışlayıb. Təşkilat bildirib ki, Konqres icazə verməyənədək ziyafət zalının yerüstü tikintisi davam etdirilə bilməz.
Məhkəmə isə yeraltı işlərin, o cümlədən bunker və digər milli təhlükəsizlik obyektlərinin inşasının davam etdirilməsinə maneə yaratmayıb.
Bizimyol.info