Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Kaliforniyanın Şimal Dairəsi üzrə federal məhkəmə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) əməkdaşlarının sayını 50 faiz azaltmaq planını qanunsuz hesab edib.
Bakıvaxtı.az xəbər verir ki, hakim Syuzan İllstonun qərarında qeyd olunur ki, FEMA mütəxəssisləri və agentliyin insan resursları şöbəsinin rəhbəri əməkdaşların sayının yarıya endirilməsi ilə bağlı planla razılaşmayıblar.
Qərara əsasən, 2025-ci ilin dekabrından 2026-cı ilin mayınadək FEMA-nın müvəqqəti administratoru vəzifəsini icra edən Karen Evansa mütəxəssislərin etirazlarına baxmayaraq, əməkdaşların 50 faiz ixtisarını nəzərdə tutan illik ştat planı hazırlamaq tapşırılıb.
Hakim bildirib ki, məhkəmə materiallarında FEMA-nın strukturunda belə kəskin dəyişiklik edilməsini əsaslandıran kifayət qədər sübut yoxdur. Eyni zamanda, agentliyin müqavilələrin yenilənməsi ilə bağlı səlahiyyətlərinə dair sonradan müəyyən edilmiş tələblərin də mövcud olmadığı vurğulanıb.
İllston tərəflərə, o cümlədən federal hökumətin və Amerika Dövlət İşçiləri Federasiyasının nümayəndələrinə mübahisənin həlli yollarını müzakirə etmək üçün görüşməyi təklif edib. Razılıq əldə olunmadığı təqdirdə, məhkəmədən kənar həll edilə bilməyən məsələlərin siyahısının oktyabrın 9-dək məhkəməyə təqdim edilməsi tələb olunub.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında ABŞ Daxili Təhlükəsizlik Departamentinin strukturunda fəaliyyət göstərən FEMA-nı sərt tənqid edib. O, agentliyin tamamilə ləğv edilməsini nəzərdən keçirdiyini bildirib və FEMA-nı “Helene” qasırğasının, xüsusilə Şimali Karolinada yaratdığı fəsadlara lazımi səviyyədə reaksiya verməməkdə ittiham edib.