Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ-nin hərbi potensial və Asiyada ümumi təsir imkanları baxımından Çin üzərində üstünlüyü 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avstraliyanın Louy İnstitutunun hesabatında bildirilir.
ABŞ ümumi reytinqdə 100 mümkün baldan 78,9 bal toplayaraq birinci yeri qoruyub. Çin isə 73,6 balla ikinci yerdə qərarlaşıb. İki ölkə arasındakı fərq 5,3 bal təşkil edib. Bu, müvafiq araşdırmaların aparılmağa başladığı vaxtdan bəri ən aşağı göstəricidir.
Hərbi potensial üzrə ABŞ 87,4, Çin isə 72,1 bal toplayıb.
“2026-cı ilin fevralında başlayan və İrana qarşı davam edən ABŞ müharibəsi uzaqmənzilli raket ehtiyatlarının tükənməsinə səbəb olaraq ölkənin hərbi potensialını zəiflədib”, – deyə hesabatda qeyd olunub.
Hesabat müəllifləri bildirirlər ki, resursların Yaxın Şərqə yönəldilməsi ABŞ-nin diqqətini Asiyadan yayındırıb. Çin isə bu müddətdə silahlı qüvvələrini modernləşdirməyə və regiondakı diplomatik əlaqələrini möhkəmləndirməyə davam edib.
ABŞ-nin diplomatik təsir göstəricisi birdəfəyə 6 bal azalaraq 76,7-yə düşüb. Bu, indeksin bütün tarixi ərzində ABŞ göstəricisində qeydə alınan ən kəskin azalma, həmçinin ardıcıl dördüncü illik geriləmədir.
Bu meyar üzrə Çin 98,4 balla birinci, ABŞ isə Yaponiyadan sonra üçüncü yerdə qərarlaşıb.
Louy İnstitutu 2018-ci ildən Asiya Güc İndeksini (Asia Power Index) tərtib edir. Araşdırmada 27 ölkə və ərazinin Asiya-Sakit okean regionunda baş verən hadisələrə təsir imkanları qiymətləndirilir.
İndeks hərbi və iqtisadi potensial, müdafiə əlaqələri və diplomatik təsir də daxil olmaqla, 131 göstəricini nəzərə alır.