ABŞ nin daxili təhlükəsizlik nazirinin Bakı səfərinin pərdəarxası

23.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri müzakirə olunub. Səfər 2026-cı ildə yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, nazirin səfəri olduqca vacib və əhəmiyyətlidir:

“ABŞ-ın daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər bu səfərin əhəmiyyətini aydın şəkildə göstərir. 2026-cı il Azərbaycan-ABŞ münasibətləri üçün tarixi il kimi qiymətləndirilir və hesab edirəm ki, bu, tamamilə doğrudur. Strateji tərəfdaşlıq xartiyasının imzalanması, iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, Azərbaycanın regiondakı rolunun artması və TRIPP layihəsinin yalnız ABŞ üçün deyil, bütövlükdə dünya üçün yeni əhəmiyyət kəsb etməsi bu münasibətləri xüsusi müstəviyə çıxarır. Yüksək səviyyəli ABŞ rəsmisinin Azərbaycana səfəri, xüsusilə də onun daha əvvəl senator kimi ölkəmizdə olması ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm hadisədir. Bu səfər Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq xartiyası çərçivəsində ən yüksək səviyyədə inkişaf etdiyini göstərir”.

Deputat qeyd edib ki, hazırda regionda baş verən proseslər Azərbaycan-ABŞ əməkdaşlığının aktuallığını daha da artırır:

“Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin yenidən aktuallaşması, nazirlər səviyyəsində qarşılıqlı təmasların genişlənməsi, iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın müzakirəsi olduqca vacibdir. Digər tərəfdən, bir neçə gündən sonra Azərbaycan Prezidenti dünyanın ən aparıcı iqtisadiyyatlarına malik ölkələrin - G20 üzvlərinin toplantısında iştirak edəcək. Bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə dərəcədə mühüm mövqeyə malik olduğunu bir daha nümayiş etdirir”.

S.Seyidov ABŞ-nin daxili təhlükəsizlik nazirinin səfərinin əhəmiyyətindən danışarkən daxili və xarici təhlükəsizlik məsələlərinin bir-birindən ayrı nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb:

“Müasir dünyada daxili təhlükəsizlik xarici təhlükəsizliklə, xarici təhlükəsizlik isə daxili təhlükəsizliklə sıx bağlıdır. Bu iki istiqamət vahid bir prosesin tərkib hissəsidir. Öz ölkəmizin təcrübəsində də bunun əyani nümunələrini görürük. Daxili təhlükəsizliyin təmin olunması fonunda xaricdən qaynaqlanan təhdidlərin mövcudluğu, həmin təhdidlər vasitəsilə ölkə daxilində vəziyyəti dəyişdirmək və gərginləşdirmək cəhdləri bu əlaqəni açıq şəkildə göstərir. Ona görə də daxili və xarici təhlükəsizlik məsələlərinə ayrı-ayrılıqda yanaşmaq mümkün deyil. Bunlar bir-biri ilə vəhdət təşkil edən, dövlətlərarası münasibətlərə ciddi təsir göstərən və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyan istiqamətlərdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью