ABŞ nin məqsədi İranda hakimiyyəti dəyişməkdir Azad Məsiyev

23.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azad Məsiyev: “Vaşinqton ABŞ İranda özünə uyğun hakimiyyət qurmaq istəyir”

İranda hərbi əməliyyatlar fonunda ölkənin ali rəhbərliyinin fəaliyyəti və dövlət idarəetmə sisteminin işlək vəziyyətdə qalması müzakirə olunan məsələlərdəndir. İran ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadiqi Müctəba Xameneinin müharibə şəraitində ölkəni idarə etməyə davam etdiyini bildirib. Mövcud vəziyyətin İranın idarəetmə mexanizmləri və ölkənin siyasi gələcəyi baxımından nə vəd etdiyi isə əsas sualdır.

Politoloq Azad Məsiyev İranın ali rəhbərinin ictimaiyyət qarşısına çıxmamasının səbəblərini, ölkənin dövlət idarəetmə sisteminin fəaliyyətini və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının mümkün məqsədlərini Sherg.az-a şərh edib.



"ABŞ və İsrailin birgə hərbi əməliyyatı nəticəsində İranın bir sıra ictimai-siyasi xadimləri, o cümlədən dini lideri qətlə yetirildi. Bu əməliyyat göstərdi ki, ABŞ-nin İranda güclü casus şəbəkəsi var. Həmin şəbəkə və texniki imkanlar vasitəsilə İranın dini liderinin yeri müəyyənləşdirildi və o, qətlə yetirildi. Bu, terror aktı və insanlıq əleyhinə cinayətdir. Bu isə artıq başqa mövzudur.

İranın hazırkı rəhbərliyinə gəldikdə, İran dövləti istər xarici və daxili siyasət, istərsə də hərbi sahədəki strukturları vasitəsilə öz funksiyalarını yerinə yetirməkdədir. Yeni dini liderin hələlik ictimaiyyət qarşısına çıxmamasının obyektiv səbəbləri var.

Bu, onunla bağlıdır ki, ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan edir ki, İran razılaşmaya gəlməsə, ölkənin rəhbərliyi yenidən hədəfə alınacaq. Bu baxımdan, ABŞ və İsrail kəşfiyyatının yeni dini liderin yerini hələlik müəyyən edə bilməməsi ehtimalı mövcuddur. Təbii ki, onun təhlükəsizliyi baxımından ictimaiyyət qarşısına çıxması məqsədəuyğun hesab edilmir.

Hadisələrin gedişi də göstərir ki, ABŞ hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Bu baxımdan, dini liderin yerinin gizli saxlanılması onun təhlükəsizliyinin qorunmasına xidmət edir".

Politoloq qeyd edib ki, İran Prezidenti başda olmaqla, dövlətin digər strukturları da öz vəzifə və səlahiyyətlərini yerinə yetirirlər:

"İran rəsmilərinin beynəlxalq toplantılarda çıxış etməsi və xarici səfərlərə getməsi bir daha göstərir ki, ölkə təcavüzə məruz qalsa da, müvafiq dövlət strukturları öz funksiyalarını icra etməkdə davam edirlər.

İranın dövlət idarəetmə sistemi elə qurulub ki, ölkənin fəaliyyəti yalnız bir şəxsdən asılı deyil. Müvafiq strukturlar istənilən şəraitdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdirlər. Əgər Birləşmiş Ştatlar İranda dövlət idarəçiliyinin iflic vəziyyətində olduğunu görsəydi, təbii ki, hərbi əməliyyatları dayandırmazdı. Çünki ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişmək və özünə uyğun hakimiyyət qurmaqdır. Onlar bunu açıq şəkildə bəyan edir, gizlətmirlər. Bu yaxınlarda İsrailin hazırkı baş naziri də parlament seçkiləri ilə bağlı açıqlamasında hakimiyyətdə qalacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib".

Analitik vurğulayıb ki, belə bir şəraitdə İran dövləti də siyasi rəhbərliyini qorumaq üçün bütün vasitələrdən istifadə edir:

"Rəhbər şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə məxfi idarəetmə mexanizmləri işə salınıb. Hadisələrin gedişi göstərir ki, İran dövləti əvvəlki kimi öz fəaliyyətini davam etdirir və idarəetmə sistemi işlək vəziyyətdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью