ABŞ nin “yumşaq güc” toru: Vaxt daralır, İran vurulacaq?

19.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ və İran ətrafında vəziyyət sürətlə gərginləşir, Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu artırır, aviasiya və dəniz qüvvələrini regiona köçürür, siyasi ritorika sərtləşsə də, diplomatik kanallar hələ də açıq qalır və 18 fevral 2026-cı il vəziyyətinə görə həm hərbi, həm də diplomatik ssenarilər paralel şəkildə nəzərdən keçirilir.

Bəs Tehran bu təzyiqdən qorxurmu? Ümumiyyətlə, ABŞ İrana hücum edəcəkmi? Məhz ABŞ və İran arasında gərginlik əsasən hansı ölkələrə daha çox təsir edəcək?

Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İrana qarşı hərbi əməliyyata dair qərarı regionda yeni böhran və gərginlik dalğasına səbəb ola bilər:

“Vaşinqton məhz bu amilləri nəzərə alaraq diplomatiyaya üstünlük vermək niyyətindədir. Hər iki tərəfin atacağı addımlar regionda və dünyada təhlükəsizlik balansını müəyyən edə bilər.

ABŞ-nin diplomatiyaya üstünlük verməsi əsasən iqtisadi maraqların qorunması və hərbi müdaxilələrin yüksək xərclərindən qaçmaq məqsədi də daşıyır. Bu yanaşma beynəlxalq nüfuzu qorumaq və qlobal sabitliyi təmin etmək üçün yumşaq güc amilindən istifadəni hədəfləyir. 

ABŞ bu gün üçün problemin həllini diplomatik yolla tapmağa üstünlük verir. Əsas səbəblərdən biri isə əməliyyatın nəticələrinin uğurlu olacağına dair tam əminliyin olmamasıdır. ABŞ üçün İranla münaqişənin hərbi müstəviyə keçməsi əlavə risklər və regionda sabitliyin daha da pozulması ehtimalını artırır.

ABŞ-İran gərginliyi Yaxın Şərqdə regional təhlükəsizlik balansını pozaraq İsrail, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrini birbaşa hərbi toqquşma və iqtisadi risklərlə üz-üzə qoyur. Hər hansı hərbi münaqişə zamanı bu ölkələr İranın raket hücumlarına hədəf ola biləcəklərindən ehtiyat edirlər.

Rəsmi Vaşinqtonun regionda hərbi mövcudluğunu artırmasına baxmayaraq, tərəfdaşlar daha çox diplomatiyaya üstünlük verirlər. İranın nüvə proqramı və raket fəaliyyətlərini ən böyük təhlükə kimi görürlər. Eyni zamanda, ABŞ-nin İrana qarşı daha sərt tədbirlər görməyə və hərbi müdaxilə ehtimalını masada saxlamağa çalışırlar.

Körfəz ölkələri açıq qarşıdurmadan qaçmaq üçün hava məkanlarının hərbi əməliyyatlarda istifadəsinə icazə verməyəcəklərini bildirirlər. Əsasən diplomatiya xəttini dəstəkləyirlər”. 

Politoloq Trampın İrana qarşı təzyiqləri artıraraq Tehranda rejim dəyişikliyinin mümkün nəticə kimi qiymətləndirilə biləcəyini bildirməklə paralel, diplomatiyanın prioritet olaraq qaldığını da vurğulayır:

"Formalaşan hərbi qruplaşma bir neçə həftə ərzində genişmiqyaslı hava və dəniz əməliyyatı aparmaq imkanına malikdir. Gərginliyin artmasına baxmayaraq, ABŞ və İran arasında diplomatik təmaslar davam edir. Avropa diplomatlarının vasitəçiliyi ilə keçirilən məsləhətləşmələrdə İranın nüvə proqramına məhdudiyyətlər, yoxlama mexanizmləri, sanksiyaların qismən yumşaldılması və regionda təhlükəsizlik zəmanətləri müzakirə olunur. Danışıqlar çətin gedir, hələlik ciddi irəliləyiş yoxdur”.

Ekspert ABŞ ilə İran arasında artan gərginlik fonunda neft bazarlarında son vəziyyət bu məhsulun qiymətində yaxın tezlikdə ciddi dəyişikliklərin olmasını da istisna etmir:

“Neft qiymətlərinin ardıcıl yüksəlişi mümkündür. Əsas səbəb ABŞ-nin Yaxın Şərqin əsas neft istehsalçılarından olan İrana qarşı hərbi zərbə endirə biləcəyi ilə bağlı artan narahatlıqlardır. 

İranın nüvə proqramı ilə bağlı davam edən danışıqların pozulma ehtimalı bazar iştirakçılarının Hörmüz boğazının bağlanacağı ilə bağlı qorxularını artırıb. ABŞ-İran gərginliyinin artması uzunmüddətli perspektivdə neft qiymətlərinə bir neçə istiqamətdə təsir göstərə bilər”.

O bildirib ki, regionda artan gərginlik, sanksiyaların sərtləşməsi, İran neftinin bazardan kənarda qalması və ya Hörmüz boğazı kimi strateji marşrutlarda risklərin artması ilə müşayiət olunarsa, o zaman bazarda risk ehtimalı yüksələ və bu da neftin qiymətinin artmasına səbəb ola bilər.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: ABŞ İran Bakir Həsənbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью