ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində

29.01.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağa Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumat verilib. Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerli istehsalın təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində görülən işlərdən söz açılıb.

Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar olunduqdan sonra yararsız vəziyyətə düşüb. 2018-ci ildə bina “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksinə çevrilib.

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq, hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleks dəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxış imkanları genişləndirilir.

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo burada hazırlanan qida məhsullarından dadıb. O, ailə təsərrüfatlarının dəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD” modelinin əhəmiyyətini vurğulayıb və quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью