ABŞ nüvə reaktorlarının işlədilməsi ilə bağlı tələbləri gizli şəkildə yumşaldıb

29.01.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası, nüvə reaktorlarının hazırlanması və işlədilməsi ilə bağlı təhlükəsizlik tələblərinin bir hissəsini yumşaldıb, lakin bu dəyişikliklər barədə ictimaiyyətə məlumat verməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumat, ABŞ-ın Milli İctimai Radio (NPR) saytında çərşənbə günü yayımlanan məqalədə yer alıb.

Məlumatda qeyd edilir ki, əldə edilən sənədlərə əsasən, "Tramp administrasiyası nüvə təhlükəsizliyi sahəsində bir sıra təlimatları yenidən nəzərdən keçirib və bunu tənzimlədiyi şirkətlərə bildirib, amma yeni qaydaları ictimaiyyətə açıqlamayıb". "Ciddi dəyişikliklər, yeni nəsil nüvə reaktorlarının inkişafını sürətləndirmək məqsədilə edilib", – deyə məqalədə qeyd olunur. Belə ki, bu standartların son bir neçə ay ərzində ABŞ-ın Energetika Nazirliyi tərəfindən yenidən nəzərdən keçirildiyi bildirilir. Nazirliyin nəzarəti altında bir neçə şirkət, 4 iyul tarixinə qədər ABŞ-da "ən azı üç eksperimental kommersiya nüvə reaktorunun yaradılması" proqramını həyata keçirib.

Məqalədə qeyd olunur ki, administrasiyanın açıqlamadığı həmin sərəncamlar çərçivəsində ABŞ hakimiyyəti "reaktorların təhlükəsizliyi ilə bağlı yüzlərlə səhifəlik tələblərdən imtina edib". Bu, xüsusilə ətraf mühitin qorunması, suyun çirklənməsinin qarşısının alınması və sənədləşmə ilə bağlı bəzi qaydaların ləğvini əhatə edir. Yeni qaydalara əsasən, "reaktorların işlədilməsi ilə bağlı təhlükəsizliyi təmin edən əsas vəzifələrdən birinin" ləğvi də nəzərdə tutulub. Bundan əlavə, nəzərdən keçirilmiş standartlara əsasən, radiasiya dozalarının yuxarı həddi artırılıb və bu dozaya məruz qalan işçi ilə bağlı araşdırma başlatmaq tələb olunur.

NPR-in verdiyi məlumatlara görə, yeni sənədlərdə əvvəllər olan, radioaktiv tullantıların idarə edilməsi, müdafiə qurğularının inşası və işçi heyətinin hazırlanması ilə bağlı detallı tələblər də yer almır.

Məqalədə ABŞ Energetika Nazirliyinin yeni qaydaların ətraf mühit və cəmiyyətin "yersiz risklərdən qorunmasını təmin etdiyini" və lazımi standartlara uyğun olduğunu bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью