Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu gün ABŞ, İsrail və İran arasında hadisələr hərbi gərginlik istiqamətində davam edir və əldə edilən fürsət İsrail və ABŞ üçün münbit bir şərait yaradır ki, onlar İran məsələsini həll etsinlər. Burada İsrailin və ABŞ-nin ayrı-ayrı məqsədləri var. İsrail üçün İranın nüvə potensialının olması ABŞ üçün mümkün olmamalıdır və bunun qarşısı bu və yaxud digər şəkildə alınmalıdır. Bundan əlavə, ABŞ üçün əsas şərtlərdən biri İranın Çinlə müttəfiqliyinə son qoyulması və İranın neft və qazını ələ keçirmək, eyni zamanda, İranın nəqliyyat potensialının digər ölkələr tərəfindən istifadə edilməsinin qarşısının alınmasından ibarətdir. Buna görə də məsələyə tez və gec nöqtə qoyulmalıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib.
Z.Məmmədov hesab edir ki, 31 yanvar 1 fevral tarixlərində ciddi şəkildə eskalasiyaya şahidlik edə bilərik, hətta bu, baş tutmasa belə İrandakı dəyişikliklər və orada baş verən proseslərin yeni mərhələsinin başlanması qaçılmazdır: “Bunu kimin istəyib-istəməməsindən asılı olmayaraq Avrasiyanın orta xəttində, o cümlədən Yaxın Şərqdə siyasi dəyişikliklər mütləqdir və bu, dünyanın yeni iqtisadi kommunikasiya düzəni üçün vacib sayılmalıdır. Dünyanı dedikdə mən təbii ki, ABŞ-nin nəzər nöqtəsini sayıram. Əgər dünənə qədər ABŞ demək olar ki, kommunikasiya xəttləri və təbii sərvətlər istiqamətində bir çox sahələri və coğrafiyaları bilməyərəkdən bu və yaxud digər şəkildə Çinə vermişdisə, bu gün biz görürük ki, artıq Panamada, Venesuelada, Qrenlandiyada, Yaxın Şərqdə, o cümlədən İranda ABŞ özünün hesab etdiklərini özünə qaytarmaq niyyətini açıq şəkildə ortaya qoyur”.
O əlavə edib ki, İran dünyada qaz və neft ehtiyatlarına görə 2-ci və 3-cü yerdədir, həm də dünya ticarətinin də əhəmiyyətli hissəsi İran ətrafındakı boğazlardan keçir: “Buna görə də dünyada sülh sahibi olmaq üçün Trampın bu addımı atması vacibdir. Məlumdur ki, ABŞ son zamanlar ciddi şəkildə maliyyə itkiləri ilə qarşı-qarşıyadır. Əgər belə davam edərsə, biz yaxın gələcəkdə Çin və Avropa arasında iqtisadi inteqrasiyaya şahid ola biləcəyik. Təbii ki, ABŞ və oradakı bəzi qruplar üçün bu, ölüm-dirim qarşılaşmasıdır. Buraya xüsusilə qloballistlərlə anti-qloballistlərin mübarizəsini əlavə etsək, təbii ki, vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə sezə bilərik”.
Röya İsrafilova