ABŞ Paşinyanın yerinə “öz adamı”nı hazırlayır

13.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Armen Qriqoryan keçmiş silahdaşının Avropa kursuna qarşı çıxdı, sabiq təhlükəsizlik katibinin Vaşinqtonla isti münasibətləri həmişə olub

Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Avropaya inteqrasiya siyasətini tənqid edən məqaləsi İrəvanda yeni siyasi konfiqurasiyanın formalaşması ehtimalını gündəmə gətirib. Musavat.com xəbər verir ki, uzun illər Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri olmuş Qriqoryanın indi onun əsas xarici siyasət istiqamətini tənqid etməsi təsadüfi siyasi bəyanat kimi qiymətləndirilmir. Xüsusilə də Ermənistanın qarşıdan gələn siyasi prosesləri və böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabəti fonunda bu çıxış diqqət çəkir. 2018–2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmış Qriqoryan İrəvanın uzun müddət Rusiyadan bütün problemlərinin həllini gözlədiyini, indi isə eyni yanlışlığı Avropa İttifaqı ilə münasibətlərdə təkrarlamaq təhlükəsi ilə üzləşdiyini bildirib.

Onun fikrincə, Ermənistan bir xarici güc mərkəzindən asılılığını digəri ilə əvəz etməməli, mümkün qədər çox beynəlxalq tərəfdaşla əlaqələr qurmalıdır. Qriqoryan Avropa İttifaqına üzvlük proqramının da bu strategiyaya uyğun olmadığını düşünür. Sabiq rəsmi hesab edir ki, Ermənistanın Avropa İttifaqına üzvlük arzusu real iqtisadi imkanlarla uzlaşmaya bilər. Ölkənin Avrasiya İqtisadi İttifaqının iqtisadi təsir dairəsindən çıxmaq üçün kifayət qədər sürət toplaya bilməməsi İrəvanı yenidən Rusiyadan asılı vəziyyətə sala bilər. Qriqoryan Moskva ilə yanaşı, Tehran və Ankaranın da Ermənistanın Avropaya inteqrasiya cəhdlərinə mənfi münasibət göstərə biləcəyini vurğulayıb. Onun fikrincə, Brüsselin Rusiyaya və İrana qarşı sanksiyalara qoşulmaq tələbi Ermənistanın milli maraqları ilə ziddiyyət təşkil edə bilər.

Sabiq təhlükəsizlik katibi hətta Avropa İttifaqına üzvlük perspektivinin Ermənistanın demokratik inkişafına da mənfi təsir göstərdiyini iddia edib. O, 2018-ci il Məxməri İnqilabından sonra əldə edilmiş demokratik nailiyyətlərin təhlükə altında olduğunu bildirib və Aİ üzvlüyü ilə əlaqələndirilən demokratiyanı “mifik demokratiya” adlandırıb. Qriqoryanın bu mövqeyi maraqlı siyasi sual yaradır: Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın xarici siyasətində Avropa istiqamətinin əsas simalarından biri olmuş sabiq təhlükəsizlik katibi indi hansı siyasi platformanı formalaşdırmağa hazırlaşır?

Paşinyan uzun müddətdir Qərbin, xüsusilə Avropa institutlarının dəstəklədiyi siyasi kursun əsas təmsilçilərindən biri kimi çıxış edir. Bu mənada Qriqoryanın onunla fikir ayrılığının arxasında başqa geosiyasi hesablamaların olub-olmadığı da müzakirə mövzusudur. Əgər Paşinyan Avropanın siyasi kadrı kimi təqdim olunursa, Qriqoryanın xüsusilə ABŞ kəşfiyyatına yaxınlığı barədə iddialar yeni deyil. Ermənistanın siyasi meydanında Paşinyana alternativ fiqurun formalaşması ehtimalı ABŞ-ın regiondakı maraqları kontekstində də diqqətlə izlənilməlidir. Vaşinqton üçün İrəvanda siyasi təsir imkanlarının yalnız bir siyasi qüvvə ilə məhdudlaşmaması strateji əhəmiyyət daşıya bilər. Qriqoryanın gələcək addımları bu ehtimalın nə dərəcədə əsaslı olduğunu göstərən mühüm göstəricilərdən biri ola bilər.

Qriqoryanın məqaləsi təkcə Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı fikir ayrılığı deyil. Bu çıxış Paşinyanın siyasi komandasından yeni alternativin meydana çıxması ehtimalını da gündəmə gətirir. Əsas sual isə budur: Ermənistanın hakimiyyətinə alternativ yeni siyasi layihə formalaşırsa, onun arxasında hansı xarici güc mərkəzinin maraqları dayanacaq?

/Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью