ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18.09.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və İran arasında müharibənin davam etdiyi bir vaxtda Vaşinqton İranın yüksəkvəzifəli rəsmilərinin BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakına icazə verib.

“Qafqazinfo”nun xəbərinə görə, ABŞ administrasiyasının qərarına əsasən, İranın əsas nümayəndə heyətinin üzvlərinə, o cümlədən Prezident Məsud Pezeşkiana və xarici işlər naziri Abbas Əraqçiyə Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli iclaslarda iştirak etmək üçün viza veriləcək.

ABŞ Dövlət Departamenti İran nümayəndə heyətinin səfərinə müəyyən məhdudiyyətlərin tətbiq ediləcəyini də açıqlayıb. Nümayəndə heyətinin əvvəlki illərlə müqayisədə daha kiçik olacağı, həmçinin Nyu-Yorkda hərəkət və bəzi alış-verişlərlə bağlı məhdudiyyətlərin qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, ABŞ-nin BMT-nin Nyu-Yorkdakı Baş Qərargahına ev sahibliyi edən ölkə kimi xarici nümayəndələrin Baş Assambleyada iştirakına müəyyən öhdəlikləri var. 1947-ci il BMT Baş Qərargah Sazişi çərçivəsində ABŞ xarici diplomatların BMT-yə çıxışını təmin etməlidir. Bununla belə, milli təhlükəsizlik, terrorizm və xarici siyasət məsələləri ilə bağlı istisnalar mövcuddur.

Xatırladaq ki, ABŞ eyni vaxtda Fələstin Prezidenti Mahmud Abbasa və digər yüksəkvəzifəli Fələstin rəsmilərinə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью