Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ Dövlət Departamenti Türkiyəyə Rusiyadan enerji resursları almağı dayandırmaq çağırışı edib. Dövlət Departamentinin açıqlamasına görə, bu məsələ ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens və dövlət katibi Marko Rubio tərəfindən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Türkiyə hazırda Çin və Hindistandan sonra Rusiyanın üçüncü ən böyük neft alıcısıdır. ABŞ-ın iki əsas Rusiya neft istehsalçısına qarşı sanksiyalar tətbiq etməsindən sonra Türkiyənin neft emalı zavodları rus neftinin alışını azaltsa da, ölkə idxalı tam dayandırmağı planlaşdırmır.
Rusiya həmçinin Türkiyənin ən böyük təbii qaz tədarükçüsüdür. Hazırda iki tərəf mövcud müqavilələrin ilin sonunda başa çatması fonunda uzunmüddətli qaz sazişləri üzrə danışıqlar aparır”, məlumatda qeyd olunub.
Agentlik yazır ki, ABŞ-ın təzyiqi Türkiyə üçün potensial başağrısı yarada bilər. Lakin Ankaranın enerji mənbələrinin şaxələndirilməsi sayəsində ölkə bu təzyiqin təsirini azalda və idxal xərclərindəki artımı idarəolunan səviyyədə saxlaya bilər.