ABŞ, Rusiya və Çindən Haaqa Məhkəməsinə ortaq zərbə: Putini təmizə çıxarmağa çalışırlar

20.11.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində görüşən ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasından sui-istifadə etməməsi və dövlət rəsmilərinin toxunulmazlığına hörmət edilməsi barədə ortaq razılığa gəliblər.


"Bakupost" xəbər verir ki, üçtərəfli görüşün yekununda imzalanmış dörd bəndlik birgə "Sülh haqqında Bəyannamə"də bu mövqe rəsmi şəkildə təsbit olunub.

Görüş zamanı Tramp BCM-ni "nəzarətdən çıxmış qlobalist təşkilat" adlandıraraq onu öz səlahiyyət hədlərini aşmaqda ittiham edib. O, həmçinin BCM-yə üzv olan bütün ölkələri bu qurumdan dərhal çıxmağa çağırıb.

Üç ölkə lideri dövlətlərin razılığı prinsipinin və dövlət rəsmilərinin immunitetinə (toxunulmazlığına) hörmətin fundamental əhəmiyyət daşıdığını bəyan ediblər.

Sənəddə vurğulanır ki, Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar qurumlar öz səlahiyyətlərindən və yurisdiksiyalarından sui-istifadə etməməlidir.

Qeyd edək ki, BCM ilə bağlı məsələdə hər üç ölkənin maraqları bir-birinə uyğun gəlir. ABŞ, Çin və Rusiya BCM-ni yaradan Roma Statutunun iştirakçısı deyillər və məhkəmənin yurisdiksiyasını tanımırlar.

Xatırladaq ki, 17 mart 2023-cü il tarixində Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ukraynadakı müharibə ilə bağlı olaraq Rusiya Prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.

ABŞ gəldikdə, BCM-nin Apelyasiya Palatası 2020-ci ildə 2003-cü ildən etibarən Əfqanıstanda törədilmiş ehtimal olunan müharibə cinayətlərini, o cümlədən ABŞ hərbçiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarının hərəkətlərini araşdırmaq üçün prokurorluğa icazə verib. Lakin 2026-cı ilin noyabrında BCM hakimləri prokurorluğun istintaq aparmaq və sübut əldə etmək imkanlarının məhdudluğunu əsas gətirərək ABŞ qüvvələrinin Əfqanıstandakı fəaliyyəti üzrə araşdırmanın dayandırılması barədə qərar çıxarıb. Aydın məsələdir ki, BCM-nin belə bir qərar verməsinə Tramp adminstrasiyasının təsiri olub. Tramp həmçinin, qurumun İsrail baş naziri Benyamin Netanyahu haqqında çıxardığı qərardan da narazıdır.

Bu razılıq BCM tərəfindən haqqında həbs orderi verilmiş Vladimir Putin, həm də məhkəmənin İsrail və ABŞ rəsmilərinə qarşı araşdırmalarına görə quruma sanksiyalar tətbiq edən Tramp administrasiyası üçün siyasi baxımdan əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Çünki əldə edilən razılıq Trampa bəyənmədiyi BCM-yə qarşı mübarizədə əlavə dəstək, imkan və şanslar qazandıra bilər. Yəni razılıqdan sonra sözügedən məsələdə istər-istəməz Trampın əl-qolu daha da açılacaq.

Razılıqdan əsas udan tərəf isə sözsüz ki, Putindir. Rusiya Prezidenti məhz BCM-nin onunla bağlı verdiyi qərarla əlaqədar olaraq, həbs təhlükəsi səbəbindən, 2023-cü ildən bəri əsasən qapalı fəaliyyət göstərir, dost olmayan ölkələrə səfərlərdən yayınır. Tramp və Si Cinpinlə əldə edilən razılıq isə bu mənada Putinin imkanlarını artırır. Belədə, bu addımı Putinin izolyasiyadan yayınmaqda və özünü təmizə çıxarmaq yolunda atılan ilk addım kimi də dəyərləndirmək olar. Ən azından o, BCM və onu dəstəkləyən ölkələrə qarşı mübarizədə ABŞ və Çin kimi böyük güc mərkəzlərinin dəstəyini alacaq.

Rüfət Sultan,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью