Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada təhlükəli patogenlər üzərində araşdırmalar aparan laboratoriya əməkdaşının ölümündən sonra ölkədə vəba ilə bağlı suallar yaranıb. Rusiya hakimiyyəti vəba halının qeydə alınmadığını bildirsə də, ABŞ Moskvadan hadisə ilə bağlı daha çox məlumat paylaşmağı tələb edib.
“Qafqazinfo” xəbər verir ki, İrkutsk Taun Tədqiqat İnstitutunda çalışan 28 yaşlı Darya Şipilova oktyabrın 2-də vəfat edib.
Onun canlı bakteriya olan sınaq şüşəsini laboratoriyada tulladığı və ölümünün bu hadisə ilə əlaqəli ola biləcəyi iddia edilir.
Moskva administrasiyası Şipilovanın ölüm səbəbinin mənbəyi hələ müəyyən edilməyən pnevmoniya olduğunu açıqlayıb. Bununla belə, ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün laboratoriya araşdırmaları davam edir.
Rusiya hakimiyyəti son 10 gün ərzində institut əməkdaşları arasında yoluxucu xəstəlik qeydə alınmadığını bildirib. Şipilova ilə təmasda ola biləcək şəxslər müəyyən edilərək tibbi müşahidəyə götürülüb və testdən keçirilib.
Testlər zamanı iki COVID-19 və iki rinovirus halı aşkarlanıb. Digər patogenlərə rast gəlinmədiyi açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Rusiya hakimiyyətinin Şipilovanın ölümünə ağciyər taunun səbəb olub-olmadığını araşdırdığını bildirib.
ÜST İrkutsk üçün ictimai səhiyyə riskini “orta-aşağı”, Rusiya üçün “aşağı”, Avropa üçün isə “çox aşağı” qiymətləndirib. Təşkilat Rusiya rəsmiləri ilə əlaqə saxladığını və laboratoriya nəticələrinin yoxlanılması üzərində işlədiyini açıqlayıb.
Vaşinqton da vəziyyəti yaxından izləyir. ABŞ Prezidenti Donald Tramp hadisəni Rusiya üçün “böyük problem” adlandırıb və Moskvaya yardım təklif edib. Tramp Rusiya Prezidenti Vladimir Putinlə bu məsələni müzakirə edib-etmədiyi barədə suala yaxın zamanda planlaşdırılan telefon danışığını xatırladaraq cavab verib.
ABŞ Dövlət katibi Marko Rubio isə vəziyyətin “çox yaxından” izlənildiyini bildirərək Rusiyanı şəffaf olmağa çağırıb.
“Wall Street Journal”ın məlumatına görə, ABŞ rəsmiləri Moskvanı laboratoriya əməkdaşının ölümü ilə bağlı daha ətraflı məlumat paylaşmağa çağırıblar. Rəsmilər bildiriblər ki, məlumatların məhdud olması Rusiyada və ölkə xaricində mümkün yoluxucu xəstəlik yayılması ilə bağlı narahatlıq yaradır.
ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi də Rusiyadan əlavə məlumat tələb edildiyini və məsələ ilə bağlı digər ölkələrlə əlaqə saxlanıldığını bildirib.
Rusiya hakimiyyəti isə indiyədək İrkutskda vəba xəstəliyi hallarının qeydə alınmadığını açıqlayıb.