Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Ədliyyə Nazirliyi Rusiya Kəşfiyyat Xidməti (RIS) ilə əlaqəli olduğu bildirilən 5 nəfərə qarşı rəsmi ittiham irəli sürüb.
Modern.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, onlar ABŞ və Avropada Ukraynanı dəstəkləyən şəxsləri və rusiyalı dissidentləri izləmək, eləcə də qətlə yetirmək üçün pul müqabilində icraçılar tutmaqda təqsirləndirilir.
İttiham olunanlar arasında Rusiya kəşfiyyatının polkovniki Yuri Xrameyev, onun FTX zabiti olan oğlu Kirill Xrameyev, həmçinin Kubadan olan kəşfiyyat şəbəkəsi üzvləri yer alır.
Müstəntiqlərin məlumatına görə, şəbəkə üzvləri ABŞ-də yaşayan bir rusiyalı dissidenti öldürmək üçün yerli sakinlərə 40 min dollar, Litvada olan başqa bir şəxsi "Rusiyaya böhtan atdığına görə" aradan qaldırmaq üçün isə 25 min dollar təklif ediblər. Ədliyyə Nazirliyi qeyd edir ki, ələ alınan şəxslər suiqəsdləri həyata keçirməkdən imtina ediblər.
Təqsirləndirilən şəxsləri 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onların hamısı hazırda axtarışdadır.
Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərək, Moskvanın hər hansı "maddi sübut və fakt" görmədən bu ittihamları şərh etməyəcəyini vurğulayıb.