ABŞ Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib

11.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

CNN-in məlumatına görə, hazırda 100–200 amerikalı hərbi məsləhətçi Səudiyyə Ərəbistanında fəaliyyət göstərir. Onlar husilərə qarşı əməliyyatlarda operativ kəşfiyyat məlumatlarının təqdim edilməsinə və zərbələr üçün hədəflərin müəyyənləşdirilməsinə kömək edirlər. Bu isə ABŞ-ın münaqişəyə cəlb olunma səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Məlumata görə, son həftələrdə ABŞ və Səudiyyə Ərəbistanı arasında birgə komandanlıq strukturu yaradılıb. Buna İranın husilərə dəstəyini gücləndirməsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun yüzlərlə zabitinin Yəmənə göndərilməsi səbəb olub. Məqsədin Bab əl-Məndəb boğazına nəzarətin ələ keçirilməsi olduğu bildirilir.

ABŞ Səudiyyə tərəfinə Maven sisteminə bənzər hədəf müəyyənləşdirmə texnologiyası, eləcə də geokosmik kəşfiyyat dəstəyi verir. Bununla belə, amerikalı hərbçilər zərbələrin özündə birbaşa iştirak etmir və Səudiyyə təyyarələrinə havada yanacaq doldurmurlar.

Bu proses husilərin strateji Moxa limanını ələ keçirməsindən sonra daha da aktuallaşıb. Reuters-in məlumatına görə, İranın dəstəklədiyi husilər Moxanı ələ keçirməklə Bab əl-Məndəb boğazına nəzarət imkanlarını genişləndiriblər. Boğaz qlobal enerji və ticarət daşımaları üçün əsas dəniz marşrutlarından biridir.

Beləliklə, Yəməndəki qarşıdurma artıq yalnız Səudiyyə Ərəbistanı ilə husilər arasındakı regional münaqişə deyil. İranın husilərə dəstəyi, ABŞ-ın kəşfiyyat və hədəf müəyyənləşdirmə sahəsində iştirakı və Bab əl-Məndəb üzərində nəzarət uğrunda mübarizə münaqişəni daha geniş regional qarşıdurmaya çevirmək riskini artırır.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью