Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İran ilə aparılan müharibə fonunda azalan hərbi ehtiyatları bərpa etmək məqsədilə müdafiə şirkətlərini sürətli şəkildə daha çox silah istehsal etməyə məcbur etmək üçün icra səlahiyyətlərindən istifadə edib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp administrasiyası ehtiyatların yenidən doldurulması məqsədilə əlavə müdafiə xərclərinin təsdiqlənməsi üçün Konqres üzvlərinə təzyiq göstərir.
ABŞ Federal Hökumətinin rəsmi jurnalı Federal Reyestrdə dərc olunan sənədə əsasən, Tramp sursat çatışmazlığı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün ötən həftə “Müdafiə İstehsalı” Qanununu qüvvəyə mindirib.
Tramp müdafiə naziri Pit Heqsetə göndərdiyi göstərişdə milli müdafiəni və hazırlıq proqramlarını birbaşa təhdid edə biləcək şəraitin mövcud olduğunu bildirib.
O vurğulayıb ki, istehsal məhdudiyyətləri və təchizat zəncirindəki problemlər ABŞ-nin milli müdafiə üçün vacib olan sursat, raket və hərbi avadanlıq istehsal imkanlarına mənfi təsir göstərə bilər.
Müdafiə naziri Pit Heqset sursat ehtiyatlarının gücləndirilməsi məqsədilə administrasiyanın qəbul olunmasını istədiyi 350 milyard dollarlıq əlavə Müdafiə Nazirliyi büdcə paketi ilə bağlı senatorlarla görüş keçirib.
Texas senatoru Con Kornin bildirib ki, Pentaqon ölkənin müdafiəsi üçün lazım olan silah və raketlərin təmin edilməsində büdcə çətinlikləri yaşayır.
1950-ci illərdən qüvvədə olan “Müdafiə İstehsalı” Qanunu Prezidentə özəl şirkətlərə federal hökumətin sifarişlərinə üstünlük verilməsi barədə göstəriş daxil olmaqla, material təchizatını sürətləndirmək üçün geniş səlahiyyətlər verir.
Bu qanun adətən təbii fəlakətlər, terror hücumları və ya pandemiya kimi fövqəladə hallarda tətbiq olunur.
Yüksəkvəzifəli administrasiya rəsmiləri aylardır azalan hərbi ehtiyatlarla bağlı narahatlıqlarını dilə gətirirlər.
Tramp mart ayında İran ilə başlayan müharibənin ilk günlərində sursat istehsalının sürətləndirilməsi üçün bu qanundan istifadə ideyasını gündəmə gətirmişdi.
Ağ Ev isə ictimaiyyətə açıqlamalarında kifayət qədər sursat ehtiyatının olduğunu müdafiə etmişdi.Trampın müdafiə sənayesi rəhbərləri ilə ötən həftə keçirməyi planlaşdırdığı görüş ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində aparılan danışıqlara görə təxirə salınıb.
İki ölkə müharibəni dayandırmaq və Hörmüz boğazını yenidən nəqliyyata açmaq üçün memorandum layihəsi üzrə razılığa gəlib.
Tramp bildirib ki, detallı məlumatlar cümə günü keçiriləcək imza mərasimindən sonra ictimaiyyətə açıqlanacaq.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin