Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp administrasiyasında əmindirlər ki, ABŞ ilə Rusiya arasında ticarət əlaqələrinin bərpası müharibənin yenidən başlanmasının qarşısını alan bir “sığorta mexanizmi” olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb.
“Ağ Evdə inanırlar ki, bu prosesdə amerikalı investorlar zənginləşəcək. Lakin daha əvvəl Rusiyanın iqtisadi sektorunda müəyyən rol oynamış şəxslər bu perspektivə o qədər də nikbin yanaşmırlar.
Ukraynadakı müharibə ilə bağlı Trampın Rusiyadakı əsas elçisi olan, eyni zamanda developer və Trampın dostu sayılan Stiv Uitkoff sülh razılaşması əldə edildikdən sonra Moskva ilə ticarət sazişlərini hərbi əməliyyatların yenidən başlamamasına zəmanət kimi görür. Guya hamı rifah içində yaşasa, bu, regionda münaqişələrin qarşısını alacaq”, - nəşr qeyd edib.
Nəşrin yazdığına görə, Tramp administrasiyasında sanki sülh elan edildikdən sonra qazanıla biləcək pullar barədə xəyallar qururlar. Uitkoff bu yaxınlarda demişdi ki, Rusiyanın çox böyük resursları, çox geniş torpaq sahələri var. Tramp isə ötən il Putinlə iqtisadi inkişafla bağlı mühüm sazişləri müzakirə etdiyini bildirmişdi.
Lakin “Carnegie Russia Eurasia Center” analitik mərkəzinin böyük elmi əməkdaşı Tatyana Stanovayanın sözlərinə görə, ticarət razılaşmasının sülhə zəmanət olacağı inandırıcı deyil. Xüsusilə ona görə ki, Kreml üçün pul, onun əsas təhlükəsizlik maraqları hesab etdiyi məsələlərdən daha önəmli deyil.