Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın xüsusi nümayəndələri Uitkoff və Kuşnerin əvvəlcə Moskvada Putinlə, daha sonra Kiyevdə Zelenski ilə keçirdikləri görüşlər Vaşinqtonun müharibəni diplomatik yolla dayandırmaq cəhdini yenidən intensivləşdirdiyini göstərir. Lakin bu görüşlərdən hələlik konkret razılaşma və ya siyasi dönüş yaranmayıb. Zelenski ABŞ nümayəndələrinin “layiqli ideyalar” təqdim etdiyini bildirsə də, əsas məsələlərin, xüsusilə ərazi və təhlükəsizlik məsələlərinin açıq qaldığını vurğulayıb.
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində artan diplomatik fəallığı şərh edərkən deyib. O bildirib ki, burada Kiyevin mövcud reallıqla barışmaq məcburiyyətinə qoyulması ilə bağlı deyilənlər müəyyən mənada doğrudur, lakin bunu Ukraynanın Rusiyanın bütün tələblərini qəbul etməsi kimi başa düşmək düzgün olmaz:
"Reallıq ondan ibarətdir ki, ABŞ Ukraynanı hərbi yolla bütün əraziləri geri qaytarmaq məqsədindən müəyyən dərəcədə uzaqlaşdıraraq, atəşkəs və siyasi razılaşma üçün kompromisə məcbur etməyə çalışır. Bunun müqabilində Kiyev üçün təhlükəsizlik təminatları, hərbi dəstəyin davam etdirilməsi, hava hücumundan müdafiənin gücləndirilməsi və Avropanın uzunmüddətli dəstəyi vəd edilir.
Lakin məsələ burasındadır ki, Vaşinqtonun bu yanaşmasının özündə mühüm bir ziddiyyət var. ABŞ bir tərəfdən Ukraynaya danışıqlarda güzəştə getməyin vacibliyini çatdırır, digər tərəfdən Avropadan Ukraynanın müdafiə qabiliyyətini gücləndirməsini istəyir. Dünən keçirilən Ukrayna Müdafiə Qrupu toplantısında ABŞ rəsmisi Elbric Kolbi Avropanı yenidən silahlanmanı sürətləndirməyə və Ukraynaya dəstəyi artırmağa çağırıb. Böyük Britaniya Patriot sistemləri üçün 100 milyon funt sterlinq ayıracağını açıqlayıb. Bu onu göstərir ki, Vaşinqton Ukraynanı sülhə məcbur etməkdən daha mürəkkəb bir strategiya yürütməyə çalışır. Yəni məqsəd Ukraynanı danışıqlara sövq etmək, amma bunu onları tamamilə müdafiəsiz vəziyyətə salmadan etməkdən ibarətdir".
Yusif Bağırzadə qeyd edib ki, Ukraynanın bunu qəbul edib-etməyəcəyinə gəlincə, Kiyevin ərazi itkisini hüquqi baxımdan tanıması faktiki olaraq mümkün deyil:
"Rusiya Donbasın qalan hissəsi üzərində nəzarət tələb edir, Ukrayna isə bu ərazilərin verilməsini milli təhlükəsizlik və dövlətçilik baxımından son dərəcə təhlükəli hesab edir. Son danışıqlarda da məhz ərazi məsələsinin əsas dalana dirənən mövzulardan biri olduğu məlumdur".
Politoloq hesab edir ki, Avropanın mövqeyi isə Ukraynadan bir qədər fərqlidir:
"Avropa ölkələri müharibənin sonsuz davam etməsində maraqlı deyillər, lakin Rusiyanın hərbi yolla əldə etdiyi ərazi dəyişikliklərinin legitimləşdirilməsini də haqlı olaraq qəbul etmirlər. Aİ liderləri hələ də Rusiyanı tam və qeyd-şərtsiz atəşkəsə və real danışıqlara çağırır və Ukraynanın ədalətli və davamlı sülh əldə etməsini dəstəklədiklərini bildirirlər.
Bu səbəbdən qarşıdakı prosesdə üç tərəfin mövqelərində müəyyən yaxınlaşması mümkündür. ABŞ sürətli razılaşma istəyir, Ukrayna təhlükəsizlik təminatı olmadan güzəşt etmək istəmir, Avropa isə Ukraynanın danışıqlara daha güclü mövqedən getməsini təmin etməyə çalışır. Avropanın hərbi və maliyyə yükünü artırması da təsadüfi deyil. Bilirik ki, Aİ artıq 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyi mexanizmi formalaşdırıb.
Düşünürəm ki, yaxın perspektivdə Ukraynanın Rusiya ilə bütün məsələlərdə razılaşması mümkün olmasa da mövcud vəziyyəti müəyyən müddətə donduran, əvəzində ciddi təhlükəsizlik və maliyyə təminatları verən kompromisə razılaşması mümkündür. Avropa da belə bir modelə, əgər Ukraynanın təhlükəsizliyi və gələcəkdə özünü müdafiə etmək qabiliyyəti qorunarsa, isti baxa bilər. Amma yenə təkrar edirəm söhbət işğal altında olan ərazilərin Rusiya ərazisi olaraq tanınmasından yox, Rusiyanın nəzarətində qalmaqla uzunmüddətli atəşkəsdən gedir".
Yusif Bağırzadə, "Lakin bunun qarşısında ən böyük problem Rusiyanın da kompromisə hazır olub-olmamasıdır. Moskva diplomatik prosesə müsbət yanaşdığını nümayiş etdirsə də, ərazi məsələsində fundamental mövqeyinin dəyişdiyinə dair hələlik ciddi əlamət yoxdur. Buna görə də hazırkı mərhələni sülhə aparan son mərhələ deyil, tərəflərin mümkün kompromisin sərhədlərini müəyyənləşdirdiyi mərhələ kimi qiymətləndirmək daha doğru olar",-deyə bildirib.
Süleyman